Ordubad Rayon Uşaq Xəstəxanası fəaliyyətə başlayıb
![Ordubad Rayon Uşaq Xəstəxanası fəaliyyətə başlayıb](/uploads/posts/2021-05/1620296681_1617983555335255345_1000x669.jpg)
Ordubad Rayon Uşaq Xəstəxanasının (RUX) istifadəyə verilməsi münasibətlə tədbir keçirilib. Mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iştirak edib.
Ordubad RUX-nın baş həkimi Dürdanə Quliyeva deyib ki, xəstəxana müasir tələblər səviyyəsində qurulub, uşaqların müayinə və müalicəsi üçün hərtərəfli şərait yaradılıb. Görülən işlər Ordubad rayonunda uşaqların keyfiyyətli tibbi xidmətlə əhatə olunmasına imkan verəcək. Kollektiv adından minnətdarlıq bildirən baş həkim uşaqların sağlamlığının qorunmasında səylərini daha da artıracaqlarına, göstərilən etimadı doğruldacaqlarına söz verib.
Ali Məclisin Sədri Vasif Talıbov Ordubad Rayon Uşaq Xəstəxanasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edərək deyib ki, hazırda rayonun 51 min nəfərdən artıq əhalisinin 18 minə yaxını 17 yaşadək uşaqlardır. Buna görə burada uşaq xəstəxanasının yaradılmasına ehtiyac var idi. Ali Məclis sədrinin 2020-ci il 7 yanvar tarixli Sərəncamı ilə yaradılmış bu səhiyyə müəssisəsində lazımi işlər həyata keçirilib və bu gün 54 adda müxtəlif təyinatlı tibbi avadanlıqlarla təmin olunmuş, hərtərəfli şərait yaradılmış, stasionar və poliklinika şöbələrindən ibarət olan müasir uşaq xəstəxanası fəaliyyətə başlayır. Bu, kollektivin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinə imkan verəcək. Qarşıda duran əsas vəzifə rayonda bütün uşaqların qeydiyyata alınması, “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin vaxtında icrası və uşaqların sağlamlığının diqqətdə saxlanılmasıdır. Ali Məclisin Sədri yaradılan şəraitdən düzgün istifadə olunacağına əminliyini bildirib və kollektivə işlərində uğurlar arzulayıb.
Xəstəxana ilə tanışlıq zamanı buradakı şöbələr və müxtəlif kabinetlər barədə məlumat verilib. Birinci mərtəbədə qeydiyyat-qəbul, təcili tibbi yardım, manipulyasiya, laboratoriya, fizioterapiya, ultrasəslə müayinə, icbari tibbi sığorta, psixoloq-loqoped, stomatoloq, infeksionist-ftiziatr, izolyator və baş tibb bacısı otaqları vardır. İkinci mərtəbədə oftalmoloq, LOR, ordinator, 4 palata, reanimasiya və intensiv terapiya zalı, eləcə də inzibati otaqlar yerləşir. Yardımçı xidmətlər zirzəmidə yerləşdirilib.
Xəstəxanada mərkəzi istilik sistemi, mərkəzi oksigen sistemi və Ordubad Rayon Mərkəzi Xəstəxanasına inteqrasiya olunmuş nümunəvi tibbi informasiya sistemi yaradılıb.
Ali Məclisin Sədri yeni alınmış “Fiat” markalı təcili tibbi yardım avtomobilinin açarını təqdim edib, uşaqlarda tibbi müayinə və peyvəndlərin vaxtında aparılması, həkimlərin kurslara göndərilməsi, kadr hazırlığının diqqətdə saxlanılması, həkim briqadalarının kəndlərə göndərilməsi barədə tapşırıqlar verib.