COVID-19-la əlaqədar tibb işçilərinin təkmilləşdirilməsi davam edir
Ötən ilin sentyabrından başlayaraq, Azərbaycanda yeni növ koronavirusa (COVID-19) qarşı mübarizə tədbirlərinin potensialının artırılması və təcili tibbi yardımın müvafiq sisteminin yaradılmasına dəstək olaraq “PROACT” təlim layihəsi həyata keçirilir. Səhiyyə sisteminin bütün səviyyələrini əhatə edən layihə Ümumdünya Səhiyyə Təşkilatının, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, UNICEF-in və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin dəstəyi ilə icra olunur.
Layihəyə dəstək verən təşkilatlar tibb işçilərinin kurslara cəlb olunmasında, yerli tibbi müəssisələrində şəraitin təlimlərin keçirilməsinə uyğunlaşdırılmasında yaxından kömək göstərirlər. Proqramın məqsədi çevik, mobil və səlahiyyətli səhiyyə işçi qüvvəsini hazırlamaq, infeksiyaların qarşısının alınması və onlara nəzarət sistemlərini gücləndirmək, icmalarda COVID-19-la əlaqəli ünsiyyət riskini azaltmaqdan ibarətdir.
Bu məqsədə nail olmaq üçün Türkiyənin Egey Universitetinin mütəxəssisləri tərəfindən Azərbaycanda 24 milli mütəxəssis-təlimçi hazırlanıb. Layihə çərçivəsində Bakıda və ölkəmizin on bölgəsində yaradılmış təlim mərkəzlərində milli mütəxəssis-təlimçilər tibb işçiləri üçün müxtəlif mövzulara həsr olunan kurslar keçirlər.
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları da həmin təlimlərdə tərəfdaş qismində iştirak edirlər.
İnstitutun Pediatriya kafedrasının dosentləri Mətanət Qaraxanova və Təranə İbadova layihə çərçivəsində Lənkəran şəhəri və Göyçay rayonunda milli təlimçi kimi yerli həkim və tibb bacıları üçün “COVID-19: Tibb işçiləri üçün risklər, qorunma və risk ünsiyyəti” adlı kurs keçiblər. İki gün davam edən kursda tibb işçiləri COVID-19 infeksiyasının törədicisi, yoluxma yolları, təmaslı şəxslərin izlənməsi, qorunma tədbirləri, fərdi qoruyucu vasitələrin istifadəsi barədə biliklərə yiyələniblər.
Bununla yanaşı, kurs iştirakçılarına yeni növ koronavirusla əlaqədar risk kommunikasiyası və ünsürlərinin nədən ibarət olması, xəstələr, xəstə yaxınları və cəmiyyətdəki digər şəxslərlə təsirli əlaqə, risk kommunikasiyasının necə aparılması barədə geniş məlumatlar çatdırılıb.
Kurslar may ayına qədər davam edəcək.