Çin COVID-19 əleyhinə dördüncü vaksinini hazırladı
![Çin COVID-19 əleyhinə dördüncü vaksinini hazırladı](/uploads/posts/2021-04/1617881303_vvvv.jpg)
Çində COVID-19 virusu əleyhinə daha bir peyvəndin təcili istifadəsinə icazə verilib.
Çin Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu mütəxəssislərinin hazırladığı rekombinant zülal peyvəndinin birinci və ikinci mərhələ sınaqları ötən ilin oktyabrında başa çatıb. Nəticələr peyvəndin təhlükəsiz və effektli olduğunu göstərib, heç bir yan təsir qeydə alınmayıb. Peyvəndin 3-cü mərhələ sınaqları Çin ilə yanaşı, Özbəkistan, Pakistan, Ekvador və İndoneziyada da aparılır. Bu mərhələdə 29 min nəfərə peyvənd vurulması planlaşdırılıb. Artıq Özbəkistan həmin peyvəndi təsdiqləyib.
İnstitutun məlumatında qeyd olunur ki, onların hazırladığı vaksinin insan bədənində yaratdığı anticisimlərin səviyyəsi dünyadakı oxşar peyvəndlərlə, demək olar ki, eynidir. Onun kütləvi istehsalı asandır, saxlanması və daşınması üçün temperatur rejimi tələbi çox da sərt deyil.
Qeyd edək ki, "Anhui Zhifei Longcom Biopharmaceutical" şirkəti ilə birgə hazırlanan vaksin dünyada kliniki sınaqlarına icazə verilən ilk COVID-19 rekombinant zülal vaksinidir.
Bu, Çində təcili istifadəsinə icazə verilən 4-cü peyvənddir. Bundan əvvəl Çinin "Sinopharm", "Sinovac" və "CanSino" şirkətlərinin peyvəndlərinin təcili istifadəsinə icazə verilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin