Hipertoniya üzrə 1-ci Bakı beynəlxalq təlim kursu
![Hipertoniya üzrə 1-ci Bakı beynəlxalq təlim kursu](/uploads/posts/2021-04/1617880054_16159733235752247384_1000x669.jpg)
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşlığı, Bakı Kardiovaskulyar Akademiyasının texniki və təşkilati dəstəyi ilə Hipertoniya üzrə 1-ci Bakı beynəlxalq təlim kursu keçirilib. Onlayn formatda baş tutan kursda Türkiyə, İtaliya, İspaniya və İsrailin aparıcı beynəlxalq ekspertləri ilə yanaşı, ADHTİ-nin professor-müəllim heyəti, Elmi Tədqiqat Kardiologiya İnstitutunun və Azərbaycan Kardiologiya Cəmiyyətinin aparıcı mütəxəssisləri də iştirak ediblər.
Təlimdə “Yüksək qan təzyiqinin diaqnostikası və müalicəsi”, "Preoperativ hipertenziya", "Təcili və təxirəsalınmaz hipertenziv halların farmakoterapiyası", "Renovaskulyar hipertenziya", "Böyrək çatışmazlığı olan xəstələrdə hipertoniya" və 35-dən çox digər mövzu üzrə təqdimatlar edilib, interaktiv sual-cavab sessiyaları aparılıb.
Təlim kursunda Avropa Hipertoniya Cəmiyyəti Fondunun prezidenti, professor Giuseppe Mancianin "Arterial hipertenziyanın müalicəsi üzrə Avropa Kardiologiya Cəmiyyəti və Avropa Hipertoniya Cəmiyyətinin tövsiyələri", Avropa Hipertoniya Cəmiyyətinin vitse-prezidenti, İspaniyanın Valensiya Universitetinin Pediatriya kafedrasının professoru Empar Lurbenin "Hipertenziya üzrə Avropa Cəmiyyətinin uşaq və yeniyetmələrdə yüksək qan təzyiqinin müalicəsinə dair 2016-cı il tövsiyələri", Türkiyənin Hipertoniya və Ateroskleroz Dərnəyinin rəhbəri, Avropa Kardiologiya Cəmiyyətinin Hipertoniya üzrə İşçi Qrupunun sədri, professor Serap Erdinin "Rezistent hipertoniya", ADHTİ-nin Terapiya kafedrasının professoru Valeh Mirzəzadənin "Şəkərsalıcı terapiyanın kardiovaskulyar aspektləri", professor İsax Mustafayevin "2-ci tip şəkərli diabet xəstələrində arterial hipertenziyanın müalicəsi" mövzularında çıxışları xüsusi maraqla dinlənilib.
Təlimdə test imtahanından uğurla keçən iştirakçılara sertifikatlar verilib.