Səhiyyədə innovativ ideyaların tətbiqi üzrə vebinar keçirilib
Azərbaycan Tibb Universiteti (ATU) və Təbriz Tibb Elmləri Universiteti arasında hər iki ali təhsil ocağının rektorlarının iştirakı ilə səhiyyədə innovativ ideyaların tətbiqinə həsr edilmiş vebinar keçirilib.
Onlayn tədbirdə çıxış edən ATU rektoru, professor Gəray Gəraybəyli səhiyyə və tibb təhsili üçün kifayət qədər gərgin dönəm olan bu dövrdə innovasiyaların tətbiqi ilə bağlı müzakirələrin aparılmasının əhəmiyyətini qeyd edib. O, Azərbaycan Tibb Universiteti ilə Təbriz Tibb Elmləri Universiteti arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirərək, qarşılıqlı səfərlərin və birgə elmi tədbirlərin keçirildiyini xatırladıb. Hazırda elmi araşdırmalar istiqamətində əməkdaşlığın davam etdirilməsini çox sevindirici hal kimi qiymətləndirən ATU rektoru bu sahədə müştərək işlər aparılması üçün zəmin olduğunu deyib.
Təbriz Tibb Elmləri Universitetinin rektoru, professor Məhəmməd Hüseyn Somi çıxışında səhiyyə sahəsində innovasiyalarla bağlı əməkdaşlığın aparılmasının, birgə layihələrin hazırlanmasının, universitetlər üçün innovasiya mərkəzlərinin qurulmasının vacibliyini qeyd edib. Rektor Təbriz Tibb Elmləri Universiteti ilə ATU arasında uzunmüddətli əməkdaşlıq münasibətlərinin mövcud olması və son illər bu bağların daha da güclənməsindən məmnunluğunu ifadə edib. M.H.Somi innovasiya mərkəzinin köməyi ilə bu əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılacağına əmin olduğunu söyləyib.
Təbriz Tibb Elmləri Universitetinin Səhiyyənin İnkişafı və İnnovasiyalar Mərkəzinin rəhbəri professor Soodabeh Davaran çıxışında mərkəzin fəaliyyəti haqqında məlumat verib. İlk beynəlxalq vebinarın məhz Azərbaycan Tibb Universiteti ilə keçirilməsindən məmnunluq duyduğunu bildirən professor S.Davaran qeyd edib ki, İranda belə mərkəz ilk dəfə məhz Təbriz Tibb Elmləri Universitetində, səhiyyənin inkişafının təmin edilməsi naminə innovativ fikirləri cəlb etmək məqsədilə yaradılıb. S.Davaran gələcəkdə Azərbaycan Tibb Universitetində də belə bir mərkəzin təşkili üçün əməkdaşlığa hazır olduqlarını bildirib.
Daha sonra vebinarda səhiyyənin inkişafında innovasiyaların tətbiqi ilə bağlı təlimlərin təşkili və müəyyən xidmətlərin təqdim olunması məsələləri müzakirə olunub. Toplantıda həmçinin ixtisasartırmaya həsr edilən seminar, konfrans və simpoziumların təşkili üzrə qarşılıqlı əməkdaşlıq, startapların reallaşdırılması ətrafında da fikir mübadiləsi aparılıb. Birgə konqreslər, təlimlər və yay məktəblərinin təşkilinin, universitetlər arasında innovasiyaların tətbiqinə dair mütəmadi müzakirələr aparılmasının vacibliyi vurğulanıb.