BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın təşəbbüsü ilə COVID-19-la bağlı qətnamə qəbul edilib
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul olunub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, sənəd inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinin insan hüquqlarından istifadəyə mənfi təsirinə diqqəti çəkir və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulayır. Qətnamədə bildirilir ki, pandemiyanın ləğvi üçün qlobal həmrəylik və çoxtərəfli əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Bu xüsusda Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilmiş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasının əhəmiyyəti qeyd olunur.
Qətnamə BMT üzv dövlətlərini və digər əlaqədar qurumları (beynəlxalq təşkilatlar, özəl sektor təmsilçiləri, vətəndaş cəmiyyəti üzvləri və s.) COVID-19 əleyhinə peyvəndlərin bütün dövlətlər arasında ədalətli bölüşdürülməsini təmin etmək istiqamətində müvafiq tədbirlər görməyə çağırır. Eyni zamanda, peyvəndlərin ədalətli bölüşdürülməsini dəstəkləmək məqsədilə yaradılmış beynəlxalq təşəbbüslərə, o cümlədən COVAX təşəbbüsünə dəstək ifadə edən bu sənəd, bütün dövlətlərdən peyvəndlərin digər ölkələrə ixracı ilə bağlı mövcud olan lazımsız əngəlləri aradan qaldırmağı tələb edir.
Qətnaməyə ümumilikdə 133 dövlət həmmüəlliflik edib ki, bu da BMT-nin İnsan Hüquqları Şurasında qəbul olunan qətnamələr üçün olduqca yüksək göstəricidir. Həmmüəlliflər sırasında dünyanın fərqli regionlarında yerləşən, iqtisadi göstəriciləri kəskin fərqlənən və fərqli siyasi qruplaşmalara məxsus olan ölkələr təmsil edilir. Qətnamənin ərsəyə gəlməsində konsensusa nail olunması üçün Cenevrədə BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində uzun müddət danışıqlar aparılıb.
Qeyd edək ki, qətnamə ölkə başçısının fevralın 1-də Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin COVID-19 əleyhinə peyvəndlərin dünya miqyasında ədalətsiz və qeyri-bərabər bölüşdürülməsinə laqeyd qalmayacağı ilə bağlı ifadə etdiyi mövqeyə uyğun olaraq irəli sürülmüşdü və əldə edilmiş nəticəyə əsasən demək olar ki, ölkə başçısının pandemiya ilə bağlı əvvəlki təşəbbüsləri kimi, bu təşəbbüs də qısa müddət ərzində qlobal dəstək qazandı.
Məlumat üçün bildirək ki, ölkə başçısının təşəbbüsünə uyğun olaraq, qətnamədən əvvəl 2021-ci il martın 5-də Qoşulmama Hərəkatının Nyu-York şəhərində fəaliyyət göstərən Əlaqələndirmə Bürosu tərəfindən də müvafiq mövzuda Kommünike qəbul edilib.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə çoxtərəfli səylərin mərkəzində olmağa davam edir.