Milli Məclisdə Nazirlər Kabinetinin 2020-ci il üçün hesabatı dinlənilib

Milli Məclisdə Nazirlər Kabinetinin 2020-ci il üçün hesabatı dinlənilib

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasında Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyətinə dair hesabatı dinlənilib.
İclası açan Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, 2020-ci il ölkəmizin dövlətçilik və müstəqillik tarixinin ən şərəfli səhifələrindəndir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə xalqımızın apardığı Vətən müharibəsi Zəfərlə başa çatıb. Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağın işğaldan azad edilməsi ölkəmizin qarşısında tamamilə yeni perspektivlər açıb. Sədr qeyd edib ki, 2020-ci ildə bütün dünya, o cümlədən Azərbaycan COVID-19 pandemiyası ilə mübarizə şəraitində yaşayıb. Buna baxmayaraq, ölkəmiz bu ağır vəziyyətdən nisbətən az itkilərlə çıxa bilib. Koronavirusdan əziyyət çəkən insanlara, bəzi əhali qruplarına ünvanlanan irimiqyaslı sosial paket icra olunub. Müharibənin, koronavirusla mübarizənin böyük maliyyə vəsaitləri tələb etdiyi, həmçinin sərt karantin rejiminin və aşağı neft qiymətlərinin mövcudluğu şəraitində ölkəmizin valyuta ehtiyatları qorunub saxlanılıb və hətta artırılıb.
Sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyətinə dair hesabatı dinlənilib.
Baş nazir ilin əlamətdar hadisələrindən söz açıb, bildirib ki, 2020-ci il COVID-19 pandemiyasının yaratdığı fəsadlara baxmayaraq, bir sıra mühüm siyasi, iqtisadi və sosial hadisələrlə yadda qalıb. Bunlardan Vətən müharibəsini, VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə demokratik şəraitdə keçirilmiş seçkiləri qeyd edib, strateji layihələrin icrasından, sosial-iqtisadi və digər islahatlardan danışıb.
Əli Əsədov xatırladıb ki, ötən il bütün dünyanı bürümüş koronavirus pandemiyası ilə mübarizə və onun neqativ təsirlərinin aradan qaldırılması məqsədilə davamlı tədbirlər həyata keçirilib. Bu xəstəliyə qarşı mübarizənin səmərəli və koordinasiyalı şəkildə aparılması üçün Prezidentin Sərəncamı ilə Operativ Qərargah yaradılıb. Dövlət başçısının tapşırığına əsasən, dövlətin bütün imkan və resursları xəstəliklə mübarizəyə yönəldilib, vətəndaşlarımızın sağlamlığının qorunmasına səfərbər edilib. Ölkədə maska və dərman qıtlığı aradan qaldırılıb, laboratoriyaların sayı artırılıb, testlərin təchizatı təşkil olunub, qısa müddət ərzində modul tipli xəstəxanalar tikilib, mövcud xəstəxanaların bir çoxu koronavirusla mübarizəyə cəlb edilib. Xəstəliklə mübarizənin gücləndirilməsi məqsədilə il ərzində xarici ölkələrdən tibbi personal dəvət olunub. Koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı ötən il səhiyyə xərclərinə 644 milyon manat vəsait ayrılıb.
Baş nazir deyib ki, Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılmış xüsusi dəstək fonduna 114 milyon manatdan artıq vəsait yığılıb. Fondun vəsaitindən istifadə olunaraq koronavirusa qarşı peyvəndlər artıq alınıb, ölkəmizə gətirilib və yanvarın 18-dən vaksinasiya prosesinə başlanılıb: “Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Cənubi Qafqazda vaksinasiyaya başlamış birinci ölkədir. Ümid edirik ki, vaksinasiya prosesinə start verilməsi xəstəliyin miqyasının azalmasında həlledici rol oynayacaq”.
Əli Əsədov həmçinin pandemiyanın mənfi təsirlərinin azaldılması üçün iqtisadi və sosial sahədə görülmüş işlərdən danışıb. Bildirib ki, pandemiyanın iqtisadiyyata mənfi təsirinin azaldılması məqsədilə Prezidentin tapşırığı ilə Nazirlər Kabineti tərəfindən hazırlanaraq təsdiq edilmiş Tədbirlər Planının icrası üçün qısa müddətdə büdcə vəsaitləri səfərbər edilərək maliyyə təminatı yaradılıb. O həmçinin söyləyib ki, beynəlxalq aləmdə məsuliyyətli və etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Respublikası pandemiya ilə beynəlxalq mübarizəyə dəstək olaraq 30-dan artıq ölkəyə yardım göstərib.
Baş nazir bildirib ki, icbari tibbi sığorta sisteminin qurulması institusional islahatların mühüm istiqamətlərindən biridir. Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq 2020-ci il yanvarın 1-dən etibarən icbari tibbi sığortanın ilkin mərhələdə Naxçıvan Muxtar Respublikasında və 23 inzibati ərazi vahidində tətbiqinə başlanılıb. Bu proses ölkənin digər 36 şəhər və rayonunu əhatə etməklə 2021-ci ildə də mərhələli olaraq davam etdiriləcək.
Hökumətin hesabatında ölkəmizdə digər sahələr üzrə görülmüş işlər haqqında da məlumat verilib.
Müzakirələrdə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili hesabat barədə fikirlərini bildirərək diqqətə çatdırıb ki, ötən ilin 1-ci rübünün iqtisadi göstəriciləri əvvəlcədən planlaşdırılmış yüksək inkişaf proqnozlarına uyğun olsa da, COVID-19 pandemiyasının dünyada, o cümlədən Azərbaycanda geniş yayılması şəraitində dövlət başçısı İlham Əliyevin göstərişi ilə vətəndaşların sağlamlığı əsas meyar kimi seçilib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa rəhbərliyi ilə həyata keçirilən tədbirlər epidemiyanın yayılma səviyyəsini kəskin azaltmaq və itkiləri minimuma endirməklə yanaşı, iqtisadiyyatımızın da gözlənilən itkilərinin azaldılması ilə nəticələnib. 2020-ci ildə Azərbaycan 3 cəbhədə - pandemiya ilə, qlobal böhran və işğalçı Ermənistan ilə mübarizə aparıb və bunun üçün kifayət qədər resurslarını səfərbər edib.
Komitə sədri bildirib ki, koronavirus pandemiyası ilə mübarizə sahəsində təxirəsalınmaz tədbirlərin görülməsi üçün qısa bir müddətdə büdcə vəsaitləri səfərbər edilərək maliyyə təminatının yaradılması öz təsirini göstərib. Pandemiyanın yaratdığı problemlərə baxmayaraq, strateji layihələrin icrası, iqtisadi, sosial və institusional islahatların həyata keçirilməsi, ordu quruculuğu və hərbi potensialın gücləndirilməsi sahəsində görülən işlər müsbət qiymətləndirilməlidir.
Sonra hesabatla bağlı münasibətlərini bildirən Milli Məclisin komitə sədrləri Sadiq Qurbanov, Tahir Rzayev, Əhliman Əmiraslanov sənədi yüksək qiymətləndiriblər.
Müzakirələr zamanı çıxış edən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədr müavini Fəzail İbrahimli, deputatlardan Sevinc Fətəliyeva, İlham Məmmədov, Azay Quliyev, Vahid Əhmədov, Rəşad Mahmudov, Qənirə Paşayeva, Sədaqət Vəliyeva və digərləri hesabat barədə fikirlərini açıqlayıblar, 2020-ci ildə Nazirlər Kabinetinin fəaliyyətini yüksək qiymətləndiriblər.
Baş nazir Əli Əsədov deputatlar tərəfindən qaldırılan məsələlərə münasibət bildirdikdən sonra hesabat səsə qoyularaq nəzərə alınıb.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova