Müdafiə Nazirliyi tibbi təhsili olan şəxslərin həqiqi hərbi xidmətə və işə qəbulunu elan edir
![Müdafiə Nazirliyi tibbi təhsili olan şəxslərin həqiqi hərbi xidmətə və işə qəbulunu elan edir](/uploads/posts/2021-03/1615360916_mmn.jpg)
Müdafiə Nazirliyi işğaldan azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrin tibb məntəqələrində, eləcə də həmin ərazilərdəki hospitallarda müxtəlif tibbi ixtisaslar üzrə vakant hərbi və mülki vəzifələrdə həqiqi hərbi xidmətə və işə qəbul elan edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, müddətli həqiqi hərbi xidməti başa vurmuş, tibbi təhsili olan, fiziki cəhətdən sağlam, 35 yaşadək kişilər və tibbi təhsili olan, fiziki cəhətdən sağlam, 35 yaşadək qadınlar, həmçinin Azərbaycan Ordusu və ya digər Silahlı Qüvvələr tərkibində hərbi həkim və ya feldşer vəzifələrində xidmət keçmiş və ehtiyata buraxılmış 40 yaşadək zabit və gizirlər hərbi xidmətə və işə qəbul olunmaq üçün müraciət edə bilərlər. Bunun üçün namizədlər Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə və ya yaşayış yerlərinin yaxınlığında yerləşən hərbi hissələrə yanaşmalıdırlar. Vakant hərbi və mülki vəzifələrə qəbul yalnız tələb olunan tibbi ixtisaslar üzrə həyata keçiriləcək.
Namizədlər bazar və bayram günlərindən başqa hər gün saat 09:00-dan 17:00-dək müraciət edə bilərlər. Məhkumluğu olan və xidmətə uyğunsuzluqla hərbi xidmətdən ehtiyata buraxılan şəxslərin müraciətlərinə baxılmayacaq.
Əlavə məlumat üçün:
Ünvan: Bakı şəhəri, Biləcəri qəsəbəsi, E.Nəcəfov küçəsi, 2A.
Əlaqə nömrələri: (012) 406-87-41; (051) 567-47-00.