COVAX proqramı çərçivəsində Azərbaycan 506 400 doza AstraZeneca/Oxford vaksini alacaq
2021-ci ilin birinci yarısında dünyanın 145 ölkəsində təkcə COVAX proqramı çərçivəsində əhalinin ən azı 3,3 faizi peyvənd olunacaq.
Bu barədə COVAX təşəbbüsündə iştirak edən ölkələr arasında koronavirusa qarşı vaksinlərin paylanmasının ilk aralıq proqnozunda deyilir. Bu proqnoz Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və onun COVAX proqramı üzrə tərəfdaşları tərəfindən dərc edilib və özündə bu ilin birinci rübündə Pfizer / BioNTech vaksinlərinin və ilin birinci yarısında AstraZeneca / Oxford vaksinlərinin paylanması barədə məlumatı ehtiva edir.
COVID-19 əleyhinə vaksinlərin mərkəzləşdirilmiş şəkildə satın alınması və paylanması üzrə unikal təşəbbüs olan COVAX çərçivəsində hökumətlər və istehsalçılar həm zəngin, həm də aşağı gəlirli ölkələrin peyvəndlə təmin edilməsi məqsədilə əməkdaşlıq edirlər. Azərbaycan da bu təşəbbüsün üzvüdür.
Bu proqram çərçivəsində Azərbaycan 506 400 doza AstraZeneca / Oxford, Gürcüstan 184 800 doza AstraZeneca / Oxford və 29 250 doza Pfizer / BioNTech, Ermənistan isə 146 400 doza AstraZeneca / Oxford vaksini alacaq. Digər postsovet məkanı ölkələrindən Ukraynaya 2 215 200 doza AstraZeneca / Oxford və 117 000 doza Pfizer / BioNTech, Moldovaya 156 000 doza AstraZeneca / Oxford və 24 570 doza Pfizer / BioNTech, Özbəkistana 2 640 000 doza, Tacikistana 732 000 doza, Qırğızıstana 504 000 doza AstraZeneca / Oxford vaksini paylanacaq.
Vaksinlərin ölkələrə çatdırılması prosesi fevral ayının sonunda başlanacaq.
Hələ yanvar ayında ÜST milyonlarla doza Pfizer / BioNTech və AstraZeneca / Oxford vaksinlərinin satın alındığını elan edib. COVAX mexanizmi çərçivəsində ilin sonunadək dünya üzrə bu preparatın iki milyard dozasının paylanacağı, o cümlədən 1,3 milyard dozasının az gəlirli ölkələrə çatdırılacağı gözlənilir.
Ekspertlərin fikrincə, bu qədər vaksin səhiyyə işçiləri də daxil olmaqla ən həssas qrupları qorumaq üçün kifayət edəcək.