Tibb Universitetinin rektoru Pakistan səfiri ilə görüşüb
![Tibb Universitetinin rektoru Pakistan səfiri ilə görüşüb](/uploads/posts/2021-03/1615360223_16143299834595230188_1000x669.jpg)
Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli və Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ATU ilə Pakistanın ali məktəbləri arasında əməkdaşlıq əlaqələrinin qurulması və gücləndirilməsi istiqamətində atıla biləcək addımları müzakirə ediblər.
Universitetin mətbuat xidmətindən verilən məlumata görə, professor G.Gəraybəyli Vətən müharibəsi zamanı göstərilən mənəvi dəstək üçün səfirə minnətdarlığını bildirib.
Görüşdə Azərbaycan və Pakistan arasında müxtəlif sahələrdə uzun illərə söykənən münasibətlərin tibb sahəsi üzrə də sürətli inkişafından söz açılıb və bu əməkdaşlığın genişləndirilməsi barəsində fikir mübadiləsi aparılıb.
Görüş zamanı rektor son illər ATU-nun beynəlxalq əlaqələrinin genişləndiyini, əməkdaşlıq qurulan ali məktəblərin sayının artdığını bildirib. O, Tibb Universitetində 37 ölkədən 2526 nəfər xarici vətəndaşın, o cümlədən Pakistandan 24 tələbənin təhsil aldığını deyib. Rektor pakistanlı tələbə sayının artırılması, gələcəyin həkimlərinin mübadiləsinin təşkil olunması, birgə elmi araşdırmaların aparılması üçün səyləri gücləndirməyin vacib olduğunu bildirib.
Pakistanın ölkəmizdəki səfiri Bilal Haye də öz növbəsində Azərbaycan hökumətini və xalqını böyük qələbə münasibətilə təbrik edib. Səfir Qarabağ məsələsində Pakistanın həmişə Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyini bildirib. Bilal Haye həmçinin Azərbaycan Tibb Universiteti ilə Pakistanın ali məktəbləri arasında əməkdaşlıq əlaqələrinin qurulması və gücləndirilməsi, qarşılıqlı layihələrin icrası ilə bağlı atıla biləcək addımlardan danışıb.
Görüşün sonunda ötən il Azərbaycan Tibb Universitetinin 90 illik yubileyini qeyd etdiyini bildirən rektor səfirə ATU-nun 90 illik yubiley medalını təqdim edib.