Orta məktəblərdə sağlamlığın qorunması ilə bağlı sorğu keçiriləcək
![Orta məktəblərdə sağlamlığın qorunması ilə bağlı sorğu keçiriləcək](/uploads/posts/2021-03/1615359022_ism.jpg)
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, sağlamlığın qorunması ilə bağlı məlumatlılığın artırılması məqsədilə orta məktəblərdə sorğu keçirir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, fevral-mart ayları ərzində şagirdlər və məktəb kollektivləri arasında keçiriləcək sorğu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri tərəfindən tərtib olunan xüsusi anket vasitəsilə aparılacaq. Sorğu məktəb mühitini sağlamlaşdırmaq, şagirdlər və məktəb kollektivi arasında sağlam həyat tərzini təbliğ və təşviq etmək məqsədi daşıyır.
Ölkə üzrə 9 iqtisadi rayonu əhatə etməklə, Təhsil Nazirliyinin müəyyənləşdirdiyi 25 məktəbdə aparılacaq sorğu ÜST tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” layihəsi çərçivəsində həyata keçiriləcək.
Siyahıda yer alan təhsil müəssisələri arasında yeganə inklüziv məktəb olan Bakı şəhəri 202 saylı tam orta məktəbdə sorğuya artıq start verilib. Şagirdlər və kollektiv sorğuda fəal iştirak ediblər.
Qeyd edək ki, “Sağlamlığı təşviq edən məktəblər” şəbəkəsi ÜST-nin Avropa regionu üzrə 45 ölkəsində səhiyyə və təhsil sahəsinin inkişaf siyasətində ayrılmaz hissəyə çevrilib. Azərbaycan 2017-ci ildən bu şəbəkənin üzvüdür. Məktəblərdə sağlamlığın təbliğini, normal fiziki inkişafın təmin edilməsini, uşaqların sağlamlığının qorunmasını təşviq edən bu şəbəkənin əsas məqsədi məktəblilərin təhsil və sosial məqsədlərinə daha tez nail olmalarına yardım göstərməkdir.