ÜST Azərbaycanın bölgələrində psixi sağlamlığa və psixososial dəstəyə töhfə verir
![ÜST Azərbaycanın bölgələrində psixi sağlamlığa və psixososial dəstəyə töhfə verir](/uploads/posts/2021-03/1615358902_16142450875060231876_1000x669.jpg)
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə nümayəndəliyi Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində sosial işçilər və həssas qruplarla işləyən tibb işçiləri üçün “Əsas psixososial dəstək və psixoloji ilk yardım” mövzusunda təlim sessiyalarını davam etdirir.
Fevral ayında Tərtər, Bərdə, Ağcabədi, Ağdam və Beyləqan rayonlarında keçirilən təlimlərə təxminən 50 sosial işçi qatılıb.
Bu proqram birbaşa həssas qruplarla işləyən xidmət təminatçılarının psixososial dəstək və psixoloji ilk yardım üzrə bilik və bacarıqlarını təkmilləşdirməyi nəzərdə tutur. Bundan əlavə, iştirakçılar proqram çərçivəsində çətin vəziyyətlərdə işləmək üçün vacib olan və emosional tükənmə sindromunun qarşısını ala biləcək özünəqulluğu da öyrənirlər.
Qeyd edək ki, təlimlər Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzi və Sosial Xidmətlər Agentliyinin təlimçiləri ilə birlikdə aparılır.
İlkin səhiyyə mütəxəssisləri, sosial işçilər və s. kimi ön cəbhə işçiləri üçün əsas psixososial dəstək və psixoloji ilk yardım üzrə təlim proqramının bütün ölkə üzrə davam etdirilməsi planlaşdırılır.