ÜST COVID-19-la qlobal mübarizədə iştirakına görə Azərbaycana təşəkkür edib
![ÜST COVID-19-la qlobal mübarizədə iştirakına görə Azərbaycana təşəkkür edib](/uploads/posts/2021-03/1615357250_16140644041996949008_1000x669.jpg)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasına qarşı qlobal səviyyədə mübarizə aparan ölkələrə və təşkilatlara təşəkkürünü bildirib.
Yeni növ koronavirusun törətdiyi xəstəliyin bütün dünyada geniş yayıldığı bir vaxtda ÜST və onun tərəfdaşları dünya ölkələrinə bu pandemiyaya qarşı mübarizədə öz dəstəklərini davam etdirirlər. Təşkilat COVID-19-la mübarizədə dünya ölkələrinə yardım edən hökumətlərə, təşkilatlara və ayrı-ayrı şəxslərə minnətdarlığını ifadə edən məlumat yayıb. Bir çox donor təşkilatların və hökumətlərin dəstəyi sayəsində həyata keçirilmiş tədbirlərin geniş şəkildə qeyd olunduğu məlumatda təşəkkür bildirilən ölkələr sırasında Azərbaycanın da adı var.
ÜST bildirir ki, donorların və tərəfdaşların dəstəyi olmadan pandemiyaya qarşı mübarizədə həmin ölkələrə kömək mümkünsüz olardı.
ÜST koronavirusla qlobal səviyyədə mübarizəyə töhfə verən, xüsusilə də bu virusa qarşı hərtərəfli mübarizə aparmaq məqsədilə çevik həllər təklif edən bütün hökumətlərə, təşkilatlara və ayrı-ayrı şəxslərə minnətdarlığını bildirib.
Adı çəkilən siyahıda Azərbaycanla yanaşı, bir sıra ölkələr, həmçinin Afrika İnkişaf Bankı, Bill və Melinda Geyts Fondu, Amerikalararası İnkişaf Bankı, İslam İnkişaf Bankı, OPEC, Beynəlxalq İnkişaf Fondu, “Standard Chartered” bankı, BMT-nin Humanitar məsələlərin koordinasiya ofisi, BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Əhali Fondu (BMTƏF), BMT-nin Uşaq Fondu (UNICEF), Dünya Bankı kimi təşkilatlar qeyd olunub.