COVID-19 risk kommunikasiyası ilə bağlı virtual görüş keçirilib
Səhiyyə Nazirliyinin nümayəndələri COVID-19 risk kommunikasiyası ilə bağlı virtual görüşdə iştirak ediblər.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, onlayn formatda keçirilən konfransda Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, UNICEF, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, TƏBİB və Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri çıxış ediblər.
Çıxışçılar peyvəndlərin cəmiyyətdə daha asan qəbulu üçün nüfuzlu şəxslərlə əməkdaşlıq etməyin, həmçinin bu təşəbbüsü peyvəndlərin əhəmiyyətini vurğulayan rəsmi şəxslərlə başlamağın daha məqsədəuyğun olduğunu bildiriblər.
Qeyd edilib ki, peyvəndləri təbliğ edərkən, gözləntiləri nəzərə almaq, tələbat və əlçatanlıq arasında balansı qorumaq əsas şərtlərdən biridir.
Konfrans iştirakçıları peyvəndləmə başlasa belə, risk kommunikasiyasına davam etməyi, virusdan qorunmağın yolları barədə mütəmadi şəkildə mesajlar verməyi, fiziki məsafə saxlamağın vacibliyini daha çox vurğulamağı zəruri hesab ediblər.
Görüşdə həmçinin mövcud vəziyyəti qiymətləndirmək, sorğular vasitəsilə əhalinin peyvəndlərlə bağlı fikirlərini öyrənmək, səhiyyə işçiləri vasitəsilə peyvənd təbliğatını aparmaq kimi məsələlərə toxunulub.