Azərbaycana gətiriləcək koronavirus vaksinləri vergidən azad edilib
Milli Məclisin payız sessiyasının son iclaslarında səhiyyə ilə bağlı bəzi məsələlərə toxunulub.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə (birinci oxunuş) məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, qanuna əlavə edilməsi təklif olunan iki maddədən biri ölkəmizə koronavirus infeksiyasına qarşı vaksinlərin idxalı zamanı həmin vaksinlərin və şprislərin 2021-ci il yanvarın 1-dən idxalda Əlavə Dəyər Vergisindən azad olunmasını nəzərdə tutur. Bu, daha aşağı qiymətə daha çox əhalinin vaksinasiya olunmasına kömək edəcək.
Deputat Qüdrət Həsənquliyevin layihə barədə fikirləri dinlənildikdən sonra sənəd birinci oxunuşda səsə qoyularaq təsdiq edilib.
“Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən maliyyə naziri Samir Şərifov digər məsələlərlə yanaşı bildirib ki, ölkə ərazisində icbari tibbi sığortanın tətbiqinin tam başa çatdırılması, koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi, məşğulluğun təmin edilməsi çərçivəsində sosial müdafiəyə ehtiyacı olan əhali qrupları üçün yeni iş yerlərinin yaradılması məqsədilə tədbirlər gələn il də davam etdiriləcək.
Maliyyə naziri vurğulayıb ki, yola saldığımız 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış parlaq Zəfəri qarşıdan gələn 2021-ci ildə də ölkəmizin bütün aparıcı sahələrində davam etdirməklə iqtisadiyyatın dayanıqlı əsaslarla inkişafına, işğal olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin vüsət almasına, xalqın rifahının və dövlətimizin hərbi qüdrətinin daha da artırılmasına nail olmaq əzmindəyik. Pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq, hər birimiz qarşıya qoyulmuş bu şərəfli və heç də asan olmayan vəzifələrin uğurla yerinə yetirilməsi üçün yorulmadan çalışmalıyıq.
Milli Məclisin növbəti plenar iclasında Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi üçüncü oxunuşda təsdiq olunub. Beləliklə, ölkəmizə koronavirus infeksiyasına qarşı vaksinlərin idxalı zamanı həmin vaksinlər və şprislər 2021-ci il yanvarın 1-dən iki il müddətinə idxalda əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq. Bu, vaksinin qiymətini aşağı salacaq və imkan verəcək ki, eyni vəsaitlə daha çox əhali vaksinasiya olunsun.