Tibbi əməkdaşlıq çərçivəsində İsrail Azərbaycana humanitar yardım göndərib
![Tibbi əməkdaşlıq çərçivəsində İsrail Azərbaycana humanitar yardım göndərib](/uploads/posts/2020-12/1609161899_16087268541734430368_1000x669.jpg)
Ölkələrimiz arasındakı tibbi əməkdaşlıq çərçivəsində İsraildən Azərbaycana humanitar yardım kimi bəzi tibbi avadanlıqlar gətirilib. İsrailin Azərbaycandakı səfirliyi avadanlıqların ilk hissəsini Azərbaycan tərəfə təqdim edib.
Humanitar yardıma 3 ədəd Koaqulyator 400 HP TOUCH (LED) və 6 ədəd 12 kanallı Cardioline ECG 200S EKQ aparatı daxildir.
İsrailin Azərbaycanda müvəqqəti işlər vəkili Doron Peer tibbi avadanlıqların təhvil verilməsi zamanı deyib: “İsrail səfirliyi Azərbaycan hökuməti ilə tibbi və humanitar əməkdaşlığı intensivləşdirir. Bu gün səfirlik TƏBİB vasitəsilə Azərbaycan xəstəxanalarına qabaqcıl tibbi avadanlıqlar təqdim etdi. Bu yardım oktyabr ayında Gəncədə və Bakıda göstərilən təcili tibbi və humanitar yardıma əlavə olaraq gətirilib. Bir neçə həftə ərzində səfirlik tərəfindən daha çox sayda tibbi avadanlıq təhvil veriləcək.
Bitməkdə olan 2020-ci il həm qlobal pandemiya, həm də minlərlə insanın yaralandığı və çox sayda insana təsir göstərmiş silahlı qarşıdurma səbəbindən səhiyyə sistemi üçün çətin bir il oldu. İsrailin Azərbaycanla humanitar əməkdaşlığını gücləndirməsi təbii bir haldır, çünki dostlar belə çətin anlarda bunu edirlər. 2021-ci ildə ölkələrimiz arasında daha çox sahələrdə əməkdaşlığın artırılmasını gözləyirik.
İsrail səfirliyi qarşıdan gələn yeni ildə dost Azərbaycan xalqına cansağlığı, əmin-amanlıq və firavanlıq diləyir!”