Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yaralı hərbçilərlə görüşüb
İşğal altındakı torpaqlarımızın azad edildiyi 44 günlük Vətən müharibəsində yaralanan hərbi qulluqçularımız oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb, normal həyata dönsünlər. Onların sağalması üçün əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq”.
Naxçıvan Muxtar Respublikasında da Vətən müharibəsində iştirak etmiş və yaralanmış hərbçilərin müalicəsi, sağlamlıqlarının bərpası diqqətdə saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Vətən müharibəsində yaralanan və Naxçıvan Qarnizonunun Hərbi Hospitalında müalicələrini davam etdirən hərbçilərlə görüşüb.
Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin sədrinə raport verib.
Vasif Talıbov hospitalda müalicə olunan hərbçilərin səhhəti və qidalanması ilə maraqlanıb, onlarla söhbət edib, Vətən müharibəsində göstərdikləri şücaətin qürurverici olduğunu bildirib.
Yaralı hərbi qulluqçu, “Azərbaycan bayrağı” ordenli mayor Təbriz Zeynalov öz adından və döyüş yoldaşları adından minnətdarlıq edərək deyib: “Dövlətin qayğısını daim üzərimizdə hiss edirik. Həkimlər sağlamlığımızın bərpasına hərtərəfli kömək edirlər. Biz də bu qayğıya cavab olaraq ordu sıralarına qayıtdıqdan sonra xidmətimizi yenə də uğurla davam etdirəcəyik”.
Hospitalda müalicə alan yaralı hərbi qulluqçulara hədiyyələr təqdim olunub.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bundan əvvəl də həmin hospitalda olmuş, yaralılarla görüşmüş, hospitalın ayrı-ayrı bölmələrində müalicə alan hərbçilərin səhhəti və qidalanması ilə maraqlanmışdı.
Hərbi Hospitalın kollektivi ilə görüşən Ali Məclisin sədri demişdi: “Vətən müharibəsində yaralanan hərbi qulluqçuların sağlamlıqlarının bərpası və xidmətə qaytarılması əsas məsələdir. Müalicənin effektli olmasında yüksək əhval-ruhiyyə mühüm şərtdir. Ona görə də hospitaldakı yaralılarla fərdi söhbət aparılmalı, sağalmalarına inam yaradılmalıdır. Həmçinin Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin imkanlarından da istifadə olunmaqla hərbçilərin müalicələrinə kömək göstərilməlidir”.
Ali Məclisin sədri Hərbi Hospitalda tibbi xidmətin yaxşı səviyyədə təşkil olunmasına görə kollektivə təşəkkür etmişdi.