ÜST: koronavirusa qarşı vaksinasiya məcburi olmamalıdır
Koronavirusa qarşı vaksinasiya məcburi olacaqmı? Peyvəndlər nə dərəcədə təsirlidir? Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri dünyada bir çox adamı maraqlandıran bu və digər sualları cavablandırıblar.
ÜST-nin Baş direktoru Tedros Gebreyesus anticisimləri aşkar etməyə və koronavirus infeksiyası olan xəstələrin sayını müəyyənləşdirməyə imkan verən seroloji tədqiqatlardan danışıb.
Bu günə qədər bu cür təhlillərin nəticələri dünya əhalisinin böyük əksəriyyətinin hələ də yoluxma riski altında olduğunu göstərir. Dünyada yüzlərlə seroloji tədqiqatlar aparılır, onlar keyfiyyətləri və növləri ilə bir-birindən fərqlənir. Məsələn, bəzi araşdırmalar xəstəlikdən sonra anticisim sayının necə dəyişdiyini izləmək məqsədi daşıyır, digərləri bu və ya digər cəmiyyətdəki xəstələnmə göstəricilərini öyrənir.
“Biz hələ də müxtəlif əhali qrupları nümayəndələri arasında infeksiyaya qarşı immun cavab variantlarını və onların müddətini araşdırırıq", - deyə doktor Tedros vurğulayıb. O, yanvar ayında ÜST-nin seroloji tədqiqatlar aparmaq üçün metodları standartlaşdırdığını və 60 ölkədəki alimlərin bu protokollardan istifadə etdiyini xatırladıb.
Bundan əlavə, ÜST-nin rəhbəri bir sıra ölkələrdə qarşıdan gələn həftə və ya aylarda COVID-19-a qarşı vaksinasiyanın başlanacağını bildirib. O, səhiyyə sistemlərini peyvəndi ilk növbədə bu cür müdafiəyə ən çox ehtiyacı olanlara - səhiyyə işçilərinə və yanaşı xəstəlikləri olan insanlara təklif etməyə çağırıb. ÜST belə hesab edir ki, daha sonra, infeksiya riski yüksək olan marginal əhali qruplarına qayğı göstərmək lazımdır. Eyni zamanda, ÜST rəhbərinin sözlərinə görə, vaksinasiya prosesində əhali koronavirusa qarşı effektivliyini artıq sübut etmiş qoruyucu tədbirlərə riayət etməlidir.
“COVID-19 peyvəndlərinə olan inamsızlığı necə aradan qaldırmaq olar?” sualını cavablandırarkən ÜST mütəxəssisləri hakimiyyət orqanlarına insanların dəstəklədikləri rabitə kanalları ilə hərəkət etməyi tövsiyə ediblər. Məsələn, xəstəni müalicə edən həkim peyvəndin üstünlüklərini izah edərək, vaksini təklif edə bilər.
“Şübhəsiz ki, hər bir insan özü qərar qəbul edir”, - deyə doktor Keyt O' Brayen vurğulayıb. – “Lakin hamı bilməlidir ki, ÜST-də vaksinlərin təhlükəsizliyinə cavabdeh olan sistem yaradılıb. Hər hansı mümkün yan təsirlər diqqətlə araşdırılır”. Onun sözlərinə görə, vaksinlərin təhlükəsizliyi COVID-19 vaksinasiyası ilə bağlı indiyədək keçirilmiş və hazırda keçirilməkdə olan böyük miqyaslı sınaqların əsas meyarlarından biridir. Eyni zamanda, onun fikrincə, vaksinasiya məcburi olmamalıdır.
ÜST-nin Fövqəladə Hallar Proqramının direktoru Maykl Rayan da bu mövqedədir. O qeyd edib ki, hökumətlərin məcburi peyvənd tələb edə biləcəyi müəyyən hallar var, lakin ümumilikdə, bundan qaçmaq daha yaxşı olar. ÜST məcburi vaksinasiya əvəzinə əhalini maarifləndirməyi, insanları vaksinlərin təhlükəsizliyinə və faydalarına inandırmağı tövsiyə edir.