Piylənmə COVID-19-dan ölüm riskini artırır

Piylənmə COVID-19-a yoluxanlar üçün çox təhlükəlidir. Məhz artıq çəki yeni növ koronavirusdan ölüm hallarının yüksək olmasının əsas səbəblərindəndir. Bu xəstəlik bir milyondan çox insanın həyatına son qoyub. Lakin bu kədərli məlumatlara baxmayaraq, fastfud və un məmulatlarının həvəskarları öz zərərli vərdişlərindən imtina etməyə tələsmirlər.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa bürosu məlumat yayıb. Bu yaxınlarda aparılan araşdırma zamanı məlum olub ki, kök insanlar, o cümlədən cavanlar da COVID-19 xəstəliyini çətin keçirirlər. Onların bir qayda olaraq intensiv terapiyaya və süni nəfəs aparatlarına ehtiyacı olur.
Hazırda dünyada 2,3 milyarda yaxın insan artıq çəkiyə malikdir. ÜST-nin Avropa regionunda yaşı altıdan doqquza qədər olan 400 minə yaxın uşaq piylənmədən əziyyət çəkir.
Mütəxəssislər bunu əsasən fiziki aktivliyin olmaması, duzlu, natriumlu, şəkərli və yağlı qidalardan həddindən artıq istifadə edilməsi ilə əlaqələndirirlər.
Təcridolunma tədbirlərinin görülməsi nəticəsində bir çox insanların idman zallarında məşğul olmaması, velosipedlə işə getməməsi, açıq havada gəzməməsi mövcud vəziyyəti daha da gərginləşdirib. Bəziləri isə gəlirlərinin azalması səbəbindən qənaət etməyə məcbur olaraq özlərinə ucuz yerlərdən tərkibində şəkərin, yağın və duzun yüksək dərəcədə olduğu yeməklər sifariş edirlər. Avropa regionunun bəzi ölkələrində qeyri-sağlam qida istehsalçıları COVID-19-un region iqtisadiyyatına təsiri bəhanəsilə fastfud yeməklərinə qoyulan reklam məhdudiyyətlərinin yumşaldılmasına nail olmağa çalışır.
ÜST dünyanın COVID-19-dan sonra yoluxucu xəstəliklər zamanı ağır nəticələrə səbəb ola biləcək piylənmə pandemiyası ilə qarşılaşacağından narahatdır. Piylənmə ürək-damar xəstəliklərinin, xərçəng və diabetin inkişaf riskini kəskin şəkildə artırmaqla yanaşı, bir sıra psixoloji problemlərə də gətirib çıxarır.
Bu günlərdə ÜST-nin himayəsi altında COVID-19 kontekstində keçirilən virtual görüşdə region ekspertləri piylənməyə qarşı mübarizə təcrübələrini bölüşüblər.
Hazırda dünyanın 185 ölkəsində 40 milyondan çox insan COVID-19-a yoluxub, bir milyondan çox insan isə bu xəstəlikdən həyatını itirib. Son araşdırmalar göstərir ki, bu statistik rəqəmlər həmçinin piylənmə ilə də bağlıdır.
“ÜST-yə üzv dövlətlər piylənmə, qeyri-infeksion xəstəliklər və COVID-19 səbəbindən ölüm halları ilə bağlı təcrübələrini və məlumatlarını paylaşa biləcək bir platforma təqdim etməyə hazır olduqlarını bildiriblər”, - deyə ÜST-nin nümayəndəsi Joao Breda bildirib. O, bu müşavirənin regiondakı ekspertlərə, həkimlərə və vəzifəli şəxslərə koronavirus xəstələrinin müalicəsində risk faktorlarını nəzərə almaqda və bu məlumatları hesabatlarında və tövsiyələrində əks etdirməkdə kömək edəcəyinə əmin olduğunu bildirib.
Müşavirənin gedişində Böyük Britaniyadan olan baş diyetoloq xanım bildirib ki, ölkədə 2020-ci ilin mart ayından bəri sağlamlıq üçün zərərli olan ərzaq məhsullarının satışında güclü artım, fiziki aktivliyin isə kəskin surətdə azalması müşahidə olunur.
Qeyd edək ki, bu kontekstdə bütün ekspertlər insanların rifahına və sağlamlığının qorunmasına kömək edəcək daha səmərəli siyasətin və yanaşmaların tətbiqinin vacibliyini vurğulayıblar.
Xəbəri paylaş