UNICEF COVID-19 peyvəndinə hazırlıq məqsədilə yarım milyarddan çox şpris alacaq
BMT-nin Uşaq fondu (UNICEF) koronavirus əleyhinə vaksinlərin alınması və çatdırılması üzrə genişmiqyaslı əməliyyata hazırlıq işlərinə başladığını elan edib. Fond 2020-ci ilin sonunadək peyvənd üçün yarım milyarddan çox şprisin alınaraq öz anbarlarında yerləşdirilməsini planlaşdırır. Qurum həmçinin istifadə edilmiş şprislərin təhlükəsiz utilizasiyası üçün əvvəlcədən 5 milyon xüsusi konteyner və digər tibbi avadanlıq alacaq.
Uşaq fondunda izah edirlər ki, vaksinlərin tədarükünə əvvəlcədən hazırlıq bu prosesin əhəmiyyətli dərəcədə sadələşdirilməsi və sürətləndirilməsində yardım edəcək, eləcə də vaksin bazarda peyda olanda tələbatın kəskin artmasının qarşısını alacaq.
“Dünya əhalisinin COVID-19-dan peyvənd olunması bəşər tarixində ən böyükmiqyaslı kütləvi kampaniyalardan biri olacaq. Vaksinlər istehsala buraxılanda biz çox cəld hərəkət etməli olacağıq. Bu isə o deməkdir ki, biz artıq indidən cəld hərəkət etməliyik”, – deyə UNICEF rəhbəri Henriyetta For bildirib.
Koronavirus əleyhinə vaksinlər peyda olan kimi onların alınması və çatdırılması prosesinə məhz UNICEF-in başçılıq edəcəyi hələ sentyabrın əvvəllərində elan olunmuşdu. Fond COVAX alyansında, yəni koronavirus əleyhinə vaksinlərin hazırlanması və istehsalı üzrə beynəlxalq əməkdaşlıq proqramında iştirakını bəyan edən 80 ölkə tərəfindən peyvəndin tədarükünün koordinatoru qismində çıxış edəcək. Bu kampaniyada UNICEF-in tərəfdaşları Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Peyvənd və immunizasiya üzrə Qlobal alyans olacaq.
UNICEF dünyada ən böyük vaksin tədarükçüsüdür. Fond hər il həm planlı peyvəndlər, həm də xəstəliklərin alovlanmasına və epidemiyalara qarşı mübarizə üçün 100 ölkə adından iki milyard dozadan çox vaksin alır.
2021-ci ildə Uşaq fondu qızılca, qarın yatalağı və digər xəstəliklər əleyhinə peyvəndin vurulması üçün 620 milyard şprisə əlavə olaraq, koronavirus əleyhinə immunizasiya üçün 1 milyard şprisin çatdırılmasını da təmin etməyi planlaşdırır.