ATU ilə Türkiyənin Nişantaşı Universiteti əməkdaşlığa başlayır

ATU ilə Türkiyənin Nişantaşı Universiteti əməkdaşlığa başlayır

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Azərbaycanda səfərdə olan Türkiyənin Nişantaşı Universitetinin nümayəndə heyəti ilə görüşüb.
Professor G.Gəraybəyli görüşün tək Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası üçün bayram olan bu günlərə təsadüf etməsindən məmnun olduğunu bildirib və fürsətdən istifadə edərək bu ağır günlərdə Azərbaycana hərtərəfli dəstəyini əsirgəməyən Türkiyə dövlətinə və xalqına dərin təşəkkürünü çatdırıb: “Əminəm ki, bütün türk dünyasının nümayəndələri bizimlə birgə son 2 ayda böyük gərginlik içində yaşayıblar. Nəhayət, 30 ilə yaxın işğal altında olan torpaqlarımızı qaytara bildik. Biz bu tarixi günləri yaşadığımıza, gördüyümüzə görə çox xoşbəxtik. Azərbaycan xalqı bu illər ərzində həmişə torpaqlarımızın geri qayıdacağı arzusu ilə yaşayıb və buna inanıb. Ali Baş Komandan İlham Əliyevin böyük siyasəti və rəşadətli Azərbaycan Ordusunun cəsarəti nəticəsində biz bu rayonlarımızı geri aldıq. Bu torpaqları geri almağımız bizim qürurumuz, gücümüzdür. Bir daha bu günlərdə yanımızda olan Türkiyə Cümhuriyyətinə minnətdarlığımızı bildiririk”.
Rektor bütün sahələrdə olduğu kimi, təhsil, səhiyyə və tibb təhsili sahəsində də Türkiyə tərəfindən daimi dəstək aldığımızı və bu xüsusda ATU ilə 23 Türkiyə universiteti arasında əməkdaşlıq olduğunu xatırladıb. G.Gəraybəyli bu universitetlər arasında Nişantaşı Universitetinin də xüsusi yer tutduğunu qeyd edib, gələcəkdə əlaqələrin daha da güclənməsi üçün fəaliyyətin davam etdiriləcəyini bildirib.
ATU-nun rektoru iki universitet arasında hansı sahələr üzrə əlaqələrin yaradıla biləcəyinə toxunub, universitetdə olan yeniliklərdən danışıb.
Nişantaşı Universitetinin rektoru, professor Şenay Yalçın bütün Azərbaycan xalqını qələbə münasibətilə təbrik edib, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu, son illər hər iki dövlət başçısının səyi nəticəsində əlaqələrin daha da qüvvətləndiyini bildirib: “Elə dəyərlər var ki, illərlə davam edir, nəsildən-nəslə ötürülür, o bağlılıq heç vaxt qırılmır. Azərbaycan və Türkiyə arasında münasibətlər də bu qəbildəndir. Azərbaycanın zəfər qazanması münasibətilə sizi təbrik edirik. Əminəm ki, bu hadisələr 2 dövlətin bağlılığını daha da artırdı. Biz də Nişantaşı Universiteti olaraq, Ermənistanın vandallığı, dinc əhaliyə qarşı törədilən cinayətləri, beynəlxalq hüquqa zidd olan əməlləri haqqında bütün dünyaya məlumatları yaymışıq. Gəncədə törədilən terror aktları qurbanlarının ailə üzvlərinin Nişantaşı Universitetində ödənişsiz təhsilini təmin edəcəyik”.
Görüş zamanı rektor Ş.Yalçın 21 min tələbəsi olan Nişantaşı Universitetində 112-ə yaxın fərqli diplom proqramlarının olduğunu bildirib. Qeyd edib ki, ali məktəbdə mühəndislik, memarlıq, iqtisadiyyatla yanaşı, əczaçılıq, diş həkimliyi, tibb fakültələri, fizioterapiya, qidalanma və digər proqramlar da mövcuddur. Bu ildən tibb bacısı ixtisası üzrə təhsilə start verilir. Rektor Ş.Yalçın Azərbaycanla, xüsusilə də ATU ilə əlaqələrin möhkəmlənməsi üçün səylərin gücləndiriləcəyini deyib.
Görüş zamanı xarici tələbə sayına görə ölkə universitetləri arasında birinci yerdə olan Tibb Universiteti ilə Nişantaşı Universitetinin rektorları əməkdaşlıq memorandumunu imzalayıblar. Sənəddə qarşılıqlı layihələr, tələbə mübadilə proqramlarında iştirak, beynəlxalq standartlara uyğun tədrisin təmin olunması üçün müştərək təlimlərin təşkili və digər məsələlərlə bağlı əməkdaşlıq nəzərdə tutulub.
Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev, İctimai səhiyyə fakültəsinin dekanı Anar Ağayev, mətbuat xidmətinin rəhbəri Günel Aslanova, Nişantaşı Universitetinin Sağlıq bilimləri fakültəsinin dekanı Sibel Baykut iştirak ediblər.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova