Yaponiya hökuməti Azərbaycan tibb müəssisələrinə texniki yardım ayırıb
![Yaponiya hökuməti Azərbaycan tibb müəssisələrinə texniki yardım ayırıb](/uploads/posts/2020-11/1606382154_w_1616045760605353844207_1000x669.jpg)
Yaponiya və Azərbaycan arasında Yaponiya hökuməti tərəfindən Azərbaycana qrant ayrılması barədə Notalar Mübadiləsi sənədlərinin imzalanması mərasimi keçirilib.
“Yaponiya hökumətinin iqtisadi və sosial inkişaf proqramı” çərçivəsində səhiyyə müəssisələrinin tibbi avadanlıqlarla təchiz edilməsi üçün ayrılan qrant sənədlərini Yaponiya tərəfindən bu ölkənin Azərbaycandakı səfiri Vada Cüniçi, Azərbaycan tərəfindən isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev imzalayıblar.
Bildirilib ki, Yaponiyanın Azərbaycana ayırdığı qrant yardımının məbləği 2 milyona yaxın ABŞ dolları həcmindədir. Qrantın ayrılmasında məqsəd tibb müəssisələrini tibbi avadanlıqlarla təmin etməklə yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq və səhiyyə sisteminə lazımi dəstək göstərməkdir.
Səfirliyin, agentliyin və Səhiyyə Nazirliyinin nümayəndələrinin iştirak etdikləri tədbirdə Zaur Əliyev Yaponiya tərəfindən ölkəmizə və səhiyyəmizə göstərilən dəstəyi yüksək qiymətləndirib, qrant yardımının Azərbaycanda tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, yeni tibbi texnologiyaların tətbiqinə xidmət edəcəyini, beləliklə, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da artırılmasına imkan yaradacağını deyib.
Səfir Vada Cüniçi öz növbəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə başa çatacağına ümidvar olduğunu bildirib. Koronavirus pandemiyası ilə mübarizədə dünya ölkələrinin birliyinin vacibliyini vurğulayan səfir söyləyib ki, Yaponiya hökuməti məhz bu səbəbdən Azərbaycana tibb müəssisələrinin tibbi avadanlıqlarla təchiz edilməsi üçün texniki yardım ayırıb. O bildirib ki, bu yardım vasitəsilə Azərbaycana kompüter tomoqrafiyası, portativ rentgen, portativ ultrasəs müayinə aparatı kimi tibbi avadanlıqların verilməsi nəzərdə tutulur.