Koronavirusla mübarizəyə dəstək üçün Kubadan növbəti həkim briqadası gəlib
![Koronavirusla mübarizəyə dəstək üçün Kubadan növbəti həkim briqadası gəlib](/uploads/posts/2020-11/1606381659_1604666956268726355_1000x669.jpg)
Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Kubadan Azərbaycana 120 həkimdən ibarət növbəti həkim briqadası gətirilib.
Qrupun rəhbəri Dalsi Torres Avila Kubadan ölkəmizə 115 həkimdən ibarət ilk briqadanın bu ilin iyul ayında gəldiyini xatırladıb və hazırda burada fəaliyyət göstərdiyini bildirib. Azərbaycan hökumətinin dəvəti ilə gələn yeni həkim briqadası isə növbəti 3 ay ərzində Abşeron rayonundakı modul tipli xəstəxanada yerli mütəxəssislərə dəstək məqsədilə pandemiyaya qarşı mübarizə aparacaq.
Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo Kubadan Azərbaycana növbəti dəfə həkim briqadasının gəlməsinin iki ölkə arasındakı münasibətlərin inkişafına töhfə verəcəyini bildirib. Qeyd edib ki, bütün kubalılar kimi, o da Azərbaycana tibbi dəstəkdən məmnunluq duyur. "Azərbaycan və Kuba arasında bir çox sahələrdə sıx əlaqələr mövcuddur. Bu gün Azərbaycana Kubadan ikinci həkim briqadasının gəlməsi bu münasibətlərin əyani göstəricisidir. İnanıram ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək", - deyə səfir qeyd edib.