Evdə müalicə almış 8000-dən çox COVID-19 xəstəsi vitamin kompleksi ilə təmin olunub
![Evdə müalicə almış 8000-dən çox COVID-19 xəstəsi vitamin kompleksi ilə təmin olunub](/uploads/posts/2020-11/1606381399_avdm.jpg)
Səhiyyə Nazirliyinin "814" Çağrı Mərkəzinə oktyabr ayında daxil olan müraciətlər avqustla müqayisədə 3 dəfəyədək artıb. Bunu nazirliyin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupunun üzvü Sevda Məmmədova növbəti onlayn müsahibəsi zamanı deyib.
Bu ilin iyul ayından etibarən xidmət göstərən "814" Çağrı Mərkəzinin işi barədə məlumat verən qurum rəsmisi bildirib ki, hazırda mərkəz bazar ertəsindən şənbə günü də daxil olmaqla həftədə 6 gün, səhər saat 8-dən axşam saat 18-dək zəngləri qəbul edir. Sutkanın qalan saatlarında ehtiyac yarandıqda isə işçi qrupunun üzvü təcili və təxirəsalınmaz tibbi yardım xidməti ilə əlaqə saxlamağı məsləhət görüb: “Bu ilin avqust və sentyabr aylarının hər birində “814” nömrəsinin qəbul etdiyi müraciətlərin sayı 1300-1400 zəng təşkil edib, oktyabr ayında isə artıq bu say 3500-4000-ə qədər artıb. Daxil olan müraciətlər ilkin olaraq dəyərləndirilir və ağırlıq dərəcəsindən asılı olaraq istiqamətləndirilir. Belə ki, müraciətlərin təxminən 10 faizi, əsasən ağır simptomlu və hərarəti 38°C-dən yüksək olan xəstələr dərhal Bakı şəhərinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə yönləndirilib. Müraciət edənlərin 90 faizi isə dəyərləndirmədən sonra Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsinə yönləndirilib. Sahə məntəqələri bu müraciətləri rəsmiləşdirdikdən sonra xəstələrin vəziyyətini qiymətləndirmək üçün sahə həkimlərinə ötürür. Sorğu-sual əsnasında xəstənin vəziyyəti haqqında məlumat toplayan sahə həkimi səyyar tibb xidməti tərəfindən COVID-19 testinin keçirilib-keçirilməməsinə qərar verir”.
Sevda Məmmədova COVID-19 virusuna yoluxmuş və evdə müalicə alan xəstələrin müalicə prosesinə toxunaraq deyib: “Yoluxmanın ilk simptomları müşahidə olunarsa, dərhal “814” Çağrı Mərkəzi və ya birbaşa sahə həkimi ilə əlaqə saxlamaq lazımdır. Testin nəticələri pozitiv olan təqdirdə həmin şəxsin təcrid olunması, onunla bir mənzildə yaşayan ailə üzvlərinin isə rejimə riayət etmələri olduqca vacibdir. Testi pozitiv çıxan, evdə müalicə alan simptomsuz və yüngül simptomlu vətəndaşlar xüsusi vitamin kompleksi ilə təmin olunmalıdırlar. Sahə həkimləri tərəfindən həmin xəstələrlə gündə iki dəfə əlaqə saxlanılır və vəziyyətləri müşahidə edilir”.
İşçi qrupunun üzvü xüsusi vurğulayıb ki, evdə olan COVID-19 xəstələri yalnız vitamin kompleksi ilə müalicə edilir, digər dərman və tibbi müdaxilə həyata keçirilmir: “Ölkəmizdə evdə müalicə almış 8000-dən çox COVID-19 xəstəsi parasetamol və vitamin kompleksi ilə təmin olunur. Bu vitamin kompleksinə C və D vitaminləri, sink, selenium və maqnezium daxildir. Bu preparatlar birbaşa xəstələrin yaşadıqları yerlərə çatdırılır və pasiyentlər tərəfindən 15-20 gün ərzində qəbul edilir”.
Müsahibə zamanı həmçinin 12 yaşdan kiçik uşaqların müalicəsi prosesi haqqında məlumat verilib. Bildirilib ki, uşaqlarda COVID-19 virusu aşkar edildikdə onlar dərhal sahə pediatrının nəzarəti altına götürülür: “Xəstəliyin gedişatına uyğun olaraq, onlar müşahidə altında saxlanılır, ağırlaşma halları baş verdikdə isə dərhal xəstəxanaya yerləşdirilir. Uşaqlar böyüklərlə müqayisədə COVID-19 xəstəliyini simptomsuz və yaxud olduqca yüngül simptomlarla keçirirlər. Ümumiyyətlə isə, uşaqlar ölkə üzrə koronavirusa yoluxan xəstələrin təxminən 20 faizini təşkil edir”.
Müsahibəsinin sonunda Sevda Məmmədova son günlər COVID-19 üzrə statistikanın artmasının xəstələnmə riskini yüksəltdiyini bildirib, koronavirusa qarşı ehtiyat tədbirlərinə riayət etmək tələb olunduğunu xüsusi vurğulayıb. İşçi qrupunun üzvü virusdan qorunmaqla bağlı bir neçə tövsiyəsini bölüşüb: “Hərarət, öskürək və ya təngnəfəslik olarsa, dərhal tibbi yardım üçün müraciət edin. İnsanların çox olduğu qapalı məkanlardan uzaq olmağa çalışın. İnsanlarla aranızda ən azı 2 metrlik fiziki məsafə saxlayın. Maskadan istifadə edin. Əllərinizi tez-tez sabun və su ilə yuyun, ya da spirt tərkibli antiseptik vasitələrlə təmizləyin. Qapalı məkanları daim havalandırın. Əminəm ki, hamımız bu sadə qaydalara ciddi şəkildə riayət etsək, bütün çətinliklərin öhdəsindən gəlib, özümüzün və yaxınlarımızın sağlamlığını qorumuş olarıq”.