Məktəb tibb məntəqələrinə əlavə həkim pediatrlar və tibb bacıları cəlb edilib
![Məktəb tibb məntəqələrinə əlavə həkim pediatrlar və tibb bacıları cəlb edilib](/uploads/posts/2020-11/1606377401_mmm.jpg)
Bakı Şəhər Baş Səhiyyə İdarəsinin (BŞBSİ) Ambulator-poliklinik xidmətin təşkili sektorunun müdiri Esmira Hacıyeva onlayn müsahibəsində Səhiyyə Nazirliyinin işçi qrupunun üzvləri tərəfindən paytaxt məktəblərinin tibb məntəqələrində keçirilən monitorinqlər barədə məlumat verib.
E.Hacıyeva bildirib ki, Səhiyyə Nazirliyi məktəblərdə COVID-19 xəstəliyinin qarşısının alınması, tibb məntəqələrində zəruri işlərin düzgün aparılması, sağlamlığın qorunması, eyni zamanda, “Xüsusi karantin dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalarının təsdiq edilməsi barədə” 10 sentyabr 2020-ci il tarixli 332 nömrəli Qərarının tələblərinə əməl olunmasının araşdırılması məqsədilə Bakı şəhərinin bir sıra rayonlarında (Yasamal, Nəsimi, Binəqədi, Nərimanov və s.) fəaliyyət göstərən məktəblərin tibb məntəqələrində monitorinqlər aparıb: “İşçi qrupun üzvlərinin yoxlamaları nəticəsində qərara alınıb ki, məktəblərin tibb heyətləri və xidməti ərazi uşaq poliklinikaları tərəfindən tibbi xidmətin göstərilməsinin gücləndirilməsi məqsədilə əlavə olaraq həkim pediatrlar və tibb bacıları cəlb edilsin”.
BŞBSİ-nin rəsmisi məktəblərdə hər gün aparılan müayinələrdən də danışıb. O, məktəbə gələn hər bir şagird və müəllimə termometriya aparıldığını, hərarət aşkar olunduğu halda həmin şəxsin xüsusi ayrılmış karantin otağına yerləşdirildiyini bildirib: “Bundan sonra bu haqda dərhal məktəbin və ərazi poliklinikasının rəhbərliklərinə, uşaq xəstələnən halda isə onun valideynlərinə məlumat çatdırılır. Bundan əlavə, tibb məntəqələri spirt tərkibli dezinfeksiyaedici məhlullarla təmin edilib, ilkin tibbi yardım üçün nəzərdə tutulmuş dərman preparatları ilə təminat da qeyd olunub.
Sektor müdiri söyləyib ki, COVID-19 xəstəliyinin geniş yayılmasının qarşısını almaq məqsədilə aparılan işlər üzrə uşaq səhiyyə və təhsil müəssisələrinin rəhbərlikləri arasında qarşılıqlı sıx əlaqəli iş təşkil edilib.
E.Hacıyeva deyib ki, monitorinqlərin nəticəsində məktəb tibb məntəqələrinin iş prosesində bir sıra çətinliklərin olduğu üzə çıxıb, onların tezliklə aradan qaldırılması istiqamətində tapşırıqlar verilib və müvafiq tibb müəssisələrinin rəhbərliklərinin nəzərinə çatdırılıb: “Bununla bağlı Bakı Şəhər Baş Səhiyyə İdarəsində uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən bütün tibb müəssisələrinin rəhbərliyinin iştirakı ilə geniş iclas keçirilib, aşkar olunmuş çətinliklər haqqında ətraflı məlumat və iş prosesinin təşkilinin gücləndirilməsi haqqında tapşırıqlar verilib.
COVID-19 pandemiyası dövründə təhsil müəssislərində oxuyan şagirdlərin ilkin diaqnostikasını məhz məntəqədə çalışan tibb işçiləri həyata keçirirlər. Odur ki, onların üzərinə kifayət qədər böyük məsuliyyət düşür. Onu da qeyd edim ki, bizim həkim və tibb bacılarımız bu vəzifənin öhdəsindən şərəflə gəlirlər”, – deyə Esmira Hacıyeva bildirib.