Hər şey Vətən üçün!
Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürülür
Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı ardıcıl zəfərlər bütün xalqımızda böyük ruh yüksəkliyi yaradıb. Hər kəs ərazi bütövlüyümüzün təmin olunması naminə erməni işğalçıları ilə aparılan bu savaşda əsgərlərimizə yardımçı olur, tam qələbə yolunda əlindən gələni etməyə çalışır.
Səhiyyə Nazirliyinin kollektivi bu işdə ön sıralardadır. Nazirliyin əməkdaşları ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstək məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən isə bildiriblər ki, universitetin kollektivi bu zəfərin bir parçası olmaq, haqq mübarizəsinə öz töhfəsini vermək niyyəti ilə Silahlı Qüvvələrə Yardım Fonduna 200 min manat ianə edib. Bundan əlavə, ATU-nun həkimləri döyüş bölgələrində xidmət göstərir, Azərbaycanın müdafiəsinin təminatında iştirak etməkdən böyük şərəf və iftixar hissi keçirdiklərini bəyan edirlər.
ATU-nun tələbələri də bu hərəkatdan kənarda qalmırlar. Ötən il “İdeyadan Biznesə” startap müsabiqəsində Universitetin respublika üzrə üçüncü yerə layiq görülən “Palliativ+” startap komandası Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub. Gənclər müsabiqədə qazandıqları məbləğin qalan hissəsini, yəni 800 manatını Fonda ianə ediblər.
Həkimin köməyi tibbi yardımdır
Türkiyədə tibbi təhsilini bitirərək qardaş ölkədə işləyən 45 azərbaycanlı həkim könüllü olaraq cəbhə bölgələrində hərbçilərimizə tibbi yardım göstərmək üçün Vətənə gəlib.
Həkim soydaşlarımızın Azərbaycanın belə taleyüklü günündə Vətənimizə dönməsi Türkiyədəki Azərbaycanlı Həkimlər Dərnəyinin təşkilatçılığı və Azərbaycanın Ankaradakı səfirliyinin dəstəyi ilə həyata keçirilib. Bundan başqa, qardaş ölkədə toplanan 2 tona yaxın tibbi ləvazimat da ölkəmizə göndərilib.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının 14 həkimi də könüllü olaraq cəbhə bölgəsinə gedərək, yaralı vətəndaşlara və əsgərlərə tibbi xidmət göstərir. Tibb müəssisəsinin 60-dan çox həkimi isə könüllü olaraq cəbhə bölgəsində işləmək üçün öz növbəsini gözləyir. Bu barədə məlumat verən klinikanın baş həkimi, professor Ramiz Poluxov bildirib ki, əsasən, ümumi cərraha, eləcə də, kardiocərrah, üz-çənə cərrahı, travmatoloq, reanimotoloqa daha çox ehtiyac var. Həmçinin qeyd olunub ki, ATU-nun rektoru, professor Gəray Gəraybəylinin tapşırığına əsasən, klinikanın təcili yardım, reanimasiya, əməliyyatxana və digər şöbələri yaralıların qəbulu üçün tam hazır vəziyyətə gətirilib.
Hərbçilərimizə sovqat
Düşmənin təxribatlarına layiqincə cavab verən Azərbaycan Ordusuna dəstək olmaq üçün vətəndaşlarımız hərbi hissələrə gedərək, əsgərlərimizi ziyarət edir, onlara sovqat aparırlar.
ATU-nun Ortopedik stomatologiya kafedrasının kollektivi də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşən hərbçilərimizə baş çəkib, onlara aldıqları zəruri məişət ləvazimatlarını və isti geyimləri pay veriblər.
İnanırıq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başçılığı ilə qəhrəman əsgərlərimiz bu Vətən müharibəsində qələbə qazanacaq, Azərbaycan xalqı uzun illərdən sonra doğma torpaqlarına qayıdacaq, hər birimiz azad Qarabağın nəfəsini duyacağıq.
Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!