COVID-19 ilə mübarizənin epidemioloji aspektləri
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) baş direktorunun müavini Vaqif Abdullayev onlayn müsahibəsində Azərbaycanda COVID-19 ilə mübarizənin epidemioloji aspektləri barədə məlumat verib.
V.Abdullayev qeyd edib ki, son yüzilliyin ən geniş yayılmış pandemiyalarından biri özünün hələ tam öyrənilməyən virusoloji, epidemioloji, immunoloji, kliniki, patogenetik və digər aspektləri sayəsində dünya ölkələrini bir sıra sosial-iqtisadi problemlərlə üzləşdirib. Onun sözlərinə görə, ölkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, ölkə rəhbərliyinin çox ciddi və əhəmiyyətli tapşırıqlarının icrası və Azərbaycan hökuməti tərəfindən məqsədyönlü təşkili, mərkəzi icra hakimiyyəti orqanlarının və onların yerli qurumlarının, yerli icra hakimiyyətlərinin qarşılıqlı fəaliyyəti şəraitində həyata keçirilir: “Hazırda ölkəmizdə COVID-19 infeksiyası ilə əlaqədar epidemik proses müasir üsulların tətbiqi və kompleks əks-epidemik tədbirlərin təşkili vasitəsilə idarə olunur. Belə ki, xəstəlik hadisələrinin ilkin qeydiyyata alınması, onlar barədə bütün idarəetmə səviyyələrində məlumatların ötürülməsi, məlumatların toplanması Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə tam uyğun olan elektron sistem vasitəsilə həyata keçirilir”.
RGEM-in baş direktorunun müavini COVID-19 virusunun ölkəmizdə geniş yayılmasının qarşısının alınmasına yönəldilmiş əks-epidemik tədbirlərin operativ və məqsədyönlü şəkildə həyata keçirilməsində Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji xidmətinin əhəmiyyətli rolunu vurğulayıb: “Hər bir “pozitiv” nəticəli şəxs barədə məlumat alındığı andan etibarən ölkənin istənilən şəhər və bölgəsində fəaliyyət göstərən Gigiyena və Epidemiologiya Mərkəzləri tərəfindən dərhal epidemioloji təhqiqatın aparılmasına və əks-epidemik tədbirlərin təşkilinə başlanılır. Bu tədbirlərin əsas məqsədi epidemik prosesin inkişafını dayandırmaq üçün xəstəliyin yoluxma mənbəyinin müəyyənləşdirilməsi və lokallaşdırılması, digər şəxslərin yoluxmasının qarşısını almaq üçün xəstənin təcili təcrid olunması, xəstə ilə təmasda olmuş şəxslərin karantin nəzarətinə götürülməsi və karantində qalmalarına nəzarət edilməsindən ibarətdir.
Pandemiyanın başlanmasından keçən 8 aydan artıq bir müddətdə Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji xidmətinin xəstəlik aşkar olunan yaşayış və iş yerlərində, kollektivlərdə həmin istiqamətlərdə səmərəli fəaliyyəti də xəstəliyin geniş yayılmasının qarşısının alınmasına öz töhfələrini verib. Xəstəlik ocaqlarında və insanı əhatə edən mühitdə virusların məhv edilməsi məqsədilə effektiv dezinfeksiya tədbirlərini vaxtında həyata keçirmək də çox vacibdir. Səhiyyə Nazirliyinin bu sahəyə də xüsusi diqqəti sayəsində lazımi avadanlıq və vasitələrlə, habelə kifayət qədər işçi potensialı ilə təmin edilən dezinfeksiya xidməti bu işləri mütəmadi həyata keçirir”.
Müsahibə zamanı qeyd olunub ki, koronavirus infeksiyası geniş yayıldıqca epidemik prosesin idarə olunması üçün həyata keçirilən tədbirlərin intensivliyi və miqyası da artırılır: “Səhiyyə Nazirliyinin sanitariya-epidemioloji xidmətinin vahid strukturuna daxil olan qurumların COVID-19 infeksiyası ilə mübarizədə digər müvafiq qurumlarla əlaqəli fəaliyyəti ən vacib məsələlərdən biridir. Belə ki, müalicə-profilaktika və təhsil müəssisələrində, xidmət, ictimai iaşə, mehmanxana və turizm xidməti obyektlərində infeksiyanın yayılmasının qarşısını almaq üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Təhsil Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Turizm Nazirliyi, yerli icra hakimiyyəti orqanları, Daxili İşlər, Fövqəladə Hallar, Müdafiə, Ədliyyə nazirliklərinin tibb xidmətləri ilə birlikdə həyata keçirilən tədbirlər mühüm rol oynayır”.
Vaqif Abdullayev müsahibəsinin sonunda qeyd edib ki, hər bir fəaliyyətin qanuni əsaslarını müəyyənləşdirən normativ hüquqi aktların olması çox vacibdir. O, Səhiyyə Nazirliyinin karantin rejimi dövründə inzibati xətalar üzrə səlahiyyətlərinin artırılmasının, sanitariya-epidemioloji və karantin qaydalarına nəzarət üzrə çoxsaylı sənədlərin təsdiq olunmasının da mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.