Milli Məclisdə donorluq və transplantasiya üzrə qanun layihəsi müzakirə edildi

Milli Məclisdə donorluq və transplantasiya üzrə qanun layihəsi müzakirə edildi

Milli Məclisin 2020-ci ilin payız sessiyasının ilk iclasında parlamentin spikeri Sahibə Qafarova giriş nitqi söyləyib, görülmüş işlər barədə məlumat verib, gündəliyə 22 məsələnin daxil olduğunu bildirib.
Gündəlikdəki məsələlərin müzakirəsi zamanı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsini birinci oxunuşda təqdim edib. Komitə sədri bildirib ki, dünyada insan orqan və toxumalarının donorluğu və transplantasiyası təbabətin nisbətən yeni sahəsi olsa da, sürətlə inkişaf edir. Orqan nəqlinin insanların ömrünü xeyli uzatdığı elmə artıq məlumdur. Əhliman Əmiraslanov bu sahədəki dünya təcrübəsindən söz açaraq bildirib ki, Azərbaycanda artıq böyrək, qaraciyər, diz oynaqları köçürülməsi əməliyyatları uğurla yerinə yetirilir. Ölkəmizdə qanunvericilik baxımından meyit donordan istifadə sahəsində boşluq olduğuna görə, ancaq canlı donordan götürülmüş orqanlardan istifadə olunur ki, bu da əlavə risk yaradır. Komitə sədri yeni hazırlanan qanun layihəsində bu sahədəki mühüm məqamların diqqətlə araşdırıldığını və nəzərə alındığını vurğulayıb. Bildirilib ki, layihə bütün aidiyyətli qurumların mütəxəssislərinin iştirakı ilə ictimai müzakirədən keçirilib və rəylər alınıb.
Sənəd orqan transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, transplantasiya sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin, tibb işçilərinin hüquq və vəzifələrini müəyyən edir, buradan irəli gələn münasibətləri tənzimləyir. 5 fəsil, 35 maddədən ibarət sənəddə qanunun tətbiq dairəsi, donorluğun və transplantasiyanın əsas prinsipləri, qayda və şərtləri, bu sahəyə yardımın təşkili, transplantasiya işini həyata keçirən mütəxəssislərin hüquq və vəzifələri, resipiyentlərin uçotu, donorluq işinin koordinasiyası, donor orqanlarının resipiyentlər arasında bölüşdürülməsi kimi məsələlər ehtiva olunub.
Müzakirələr zamanı Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, Musa Quliyev, deputatlardan Qüdrət Həsənquliyev, Sahib Alıyev, Elnur Allahverdiyev, Nigar Arpadarai, İlham Məmmədov qanun layihəsi ilə bağlı rəy və təkliflərini səsləndiriblər.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, Milli Məclisin 2020-ci il payız sessiyasının təsdiqlənmiş qanunvericilik işləri planına əsasən, sessiya ərzində səhiyyə qanunvericiliyinə aid sənədlərdən “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi ilə yanaşı, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin də müzakirəsi nəzərdə tutulur.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova