Azərbaycanda körpəsini ana südü ilə qidalandıranlar artıb
![Azərbaycanda körpəsini ana südü ilə qidalandıranlar artıb](/uploads/posts/2020-09/1599735077_anas.jpg)
Ana südü ilə qidalanmaq körpənin həyatında və gələcək sağlamlığında çox əhəmiyyətli rol oynayır. Öz unikal tərkibi ilə körpə üçün bütün qidaları üstələyən ana südünün əhəmiyyətini analar da yüksək qiymətləndirir və övladlarını onunla daha uzun müddət qidalandırırlar. Ötən ilin yekunlarına görə, ölkəmizdə 82,9 min körpə 3 aya qədər, o cümlədən onlardan 58,2 mini yalnız ana südü ilə qidalanıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, ötən ilin yekunlarına görə, 6 aya qədər ana südü ilə qidalanan körpələrin sayı 68 min olub, onlardan 39,2 mininin qidasını yalnız ana südü təşkil edib. Həmin göstəricilərin hər biri əvvəlki illərlə müqayisədə xeyli yüksəlib.
Ölkəmizdə dünyaya gələn körpələrdən 46,4 mini 1 yaşına qədər, 16,9 mini yaş yarıma qədər, 8,7 mini 2 yaşa qədər ana südü ilə qidalanıb.