Səhiyyə Nazirliyi ilə İtaliyanın “Lazzaro Spallanziani” İnstitutu COVID-19-a qarşı mübarizə tədbirlərini müzakirə ediblər
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə İtaliyanın “Lazzaro Spallanziani” İnstitutunun Elmi Şurası arasında COVID-19-a qarşı mübarizə tədbirləri mövzusunda görüş keçirilib.
Görüşdə Azərbaycan tərəfindən Səhiyyə naziri Oqtay Şirəliyev, Səhiyyə nazirinin müavini, Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi Viktor Qasımov, Səhiyyə Nazirliyinin aparıcı mütəxəssisləri, İtaliya tərəfindən isə səfir Auqusto Massari və professor Cüzeppe İppolitonun rəhbərliyi ilə “Lazzaro Spallanziani” İnstitutunun Elmi şurasının üzvləri iştirak ediblər.
Hər iki ölkədə xəstəliyin yayılması, innovasiyaların tətbiqi, statistik göstəricilər, xəstəxana-tibb işçiləri potensialı, dərman və ləvazimat təchizatı, tibb personalının qorunması, xəstəliyin klinikası, formaları, ağırlaşma dərəcələri, COVID-19-a yoluxmanın diaqnostik meyarları və digər məsələlər görüşdə müzakirə olunub.
Diskussiya əsnasında italiyalı həmkarlara ilkin testlərin harada götürülməsi (stasionar, poliklinika və ya məişət şəraitində), yüngül klinikalı xəstələrin sahə həkimləri tərəfindən müalicəsi imkanları, təmasların izlənməsi, antivirus terapiyası, antibiotiklərin, antikoaqulyantların, habelə kortikosteroidlərin tətbiqi, pasiyentlərlə birbaşa təmasda olan tibb işçilərinin növbədən sonra təcridi, eləcə də aparılan elmi araşdırmalar haqqında verilən sorğulara səfirliyin vasitəçiliyi ilə materialların Azərbaycana təqdim edilməsi üzrə razılığa gəlinib.
Görüşlərin bu formatda mütəmadi keçirilməsinə dair aidiyyətli qurumlara müvafiq tapşırıqlar verilib.