Səhiyyə Nazirliyi COVID-19 virusuna yoluxmuş xəstələrin simptomlara əsasən təsnifatını açıqlayıb
Səhiyyə Nazirliyinin COVID-19 virusu ilə mübarizə üzrə İşçi qrupunun üzvü Səbinə Babazadə verdiyi onlayn müsahibəsində COVID-19 virusuna yoluxmuş şəxsləri yoluxma dərəcələrinə əsasən təsnifatlandırıb: koronavirus infeksiyasına yoluxmuş simptomsuz xəstələr, yüngül simptomlu xəstələr və ağır simptomlu xəstələr.
Səbinə Babazadə qeyd edib ki, simptomsuz xəstə, adından məlum olduğu kimi, xəstəliyin heç bir simptomunu yaşamır, yalnız virusun daşıyıcıdır: "Simptomsuz xəstələrin yoluxduğu yalnız COVID-19 testini keçdikdən sonra müəyyən olunur. Yüngül simptomlu xəstələrin isə, ilk növbədə, hərarəti yüksəlir. Hərarət 37-37,5 dərəcəyə qalxdıqdan sonra xəstədə başağrıları, halsızlıq, sümük-əzələ ağrıları, boğazda qıcıqlanma və ağrı müşahidə olunur. Bunlarla yanaşı, burun axıntısı, dad və qoxu hissinin itməsi, ishal və ürək bulanması da yüngül simptomlu xəstələrdə müşahidə olunur".
Onun sözlərinə görə, ağır simptomlu xəstələrdə isə hərarət 38 və daha yüksək dərəcəyə çatır, sinədə ağrılar hiss edilir, quru öskürək və təngnəfəslik olur: "Bunlarla yanaşı, 18 yaşadək uşaqlarda və xroniki xəstəliyi olan 18 yaşdan yuxarı insanlarda yüngül simptomlar müşahidə olunduqda belə, onlar ağır simptomlu xəstələr kateqoriyasına aid edilir. Simptomsuz və yüngül simptomlu xəstələr sahə poliklinikaları ilə əlaqə saxlayandan sonra onlar ev şəraitində sahə həkiminin nəzarətinə götürülür və 21 gün ərzində izolyasiya qaydalarına riayət edərək ev şəraitində müalicə olunurlar. Ağır simptomlu vətəndaşlar 103 qısa nömrəsi vasitəsilə təcili tibbi yardıma müraciət edəndən sonra stasionar müalicə üçün xəstəxanaya yerləşdirilirlər".
Onlayn müsahibədə həmçinin qeyd olunub ki, sahə həkimləri COVID-19 virusuna yoluxmuş vətəndaşlarla əlaqədə olan şəxslərlə gündə iki dəfə əlaqə saxlamaqla onların vəziyyətini müşahidə edirlər.