ÜST-nin mütəxəssisləri koronavirus sahəsində Azərbaycanın uğurlarını yüksək qiymətləndiriblər
“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri, COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində qoyulan böyük maliyyə və insan resursları sərmayələrini, epidemioloji nəzarət və ictimai ünsiyyət üçün rəqəmsal vasitələrdən geniş istifadə edilməsini və COVID-19-lu xəstələrə göstərilən xidmətin yaxşılaşdırılması sahəsində Azərbaycanın uğurlarını yüksək qiymətləndiriblər”.
Bunu ÜST Avropa Regional Bürosunun Azərbaycanda COVID-19-a qarşı cavab tədbirləri üzrə qiymətləndirici missiyasının yekunlarına həsr olunmuş onlayn mətbuat konfransında ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
Məlumat verilib ki, qurumun 10 günlük missiyası Azərbaycanda COVID-19-a qarşı mübarizə tədbirlərini dəstəkləmək üçün məlumatların toplanması və təhlilini təkmilləşdirməyi, təmasın izlənməsini və test strategiyasını gücləndirməyi tövsiyə edir.
“Bu həftə ÜST-nin COVID-19-u ictimai səhiyyə sahəsində beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət elan etməsindən altı ay keçir. Bu missiyanın hazırkı zaman çərçivəsində planlaşdırılması Azərbaycanda epidemioloji, kliniki və kommunikasiya nöqteyi-nəzərdən pandemiyaya qarşı mübarizə tədbirlərinə dair aparılan işlərə baxış keçirməyə və əldə etdiyimiz biliklərdən gələcək aylarda necə istifadə edəcəyimizi görməyə imkan verdi”, - deyə H.Harmancı qeyd edib. Onun sözlərinə görə, qiymətləndirici missiya COVID-19-lu xəstələrə göstərilən xidmətin yaxşılaşdırıldığını, epidemioloji nəzarət və ictimai ünsiyyət üçün rəqəmsal vasitələrdən geniş istifadə edildiyini, bu sahəyə böyük maliyyə vəsaiti xərcləndiyini və insan resurslarının cəlb olunmasını vurğulayıb və bunu Azərbaycanın uğurları kimi dəyərləndirib.
Hande Harmancı söyləyib ki, Azərbaycanda iyun ayının sonundan etibarən koronavirusa yoluxma hallarında stabilləşmə var. Son həftələrdə isə azalma müşahidə olunur. Buna tətbiq olunan məhdudiyyətlərin nəticəsində nail olunub: “Bu təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Sərt karantin rejiminin qaydaları yumşaldılandan sonra insanların yeni normalara əsasən yaşamaları lazımdır. Yumşalmaya keçdikdən sonra yoluxma sayında artım olmazsa, daha da yumşaldılmaya gedilə bilər.
Avqustun 5-dən sonra Nazirlər Kabineti yanında Operativ Qərargahın nə qərarlar qəbul edəcəyini bilmirik. Lakin bu dəqiqdir ki, biz karantin rejiminin qaydalarına əməl etsək, yumşaldılmış rejimlə yaşama şansımız ola bilər”, - deyə H.Harmancı qeyd edib.
Onlayn mətbuat konfransında missiyanın rəhbəri, ÜST-nin Avropa Ofisində Səhiyyə məlumatları üzrə Departamentin müdiri David Novillo Ortiz deyib: “Azərbaycanda COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirlərində ciddi irəliləyişlər müşahidə etdik. ÜST-nin mart ayında ölkəyə səfər etmiş missiyası əlli səkkiz tövsiyə hazırlamışdı. Bunun da təxminən üçdə ikisi tam və ya qismən yerinə yetirilib”.
Missiyanın rəhbəri bildirib ki, pandemiya davam etdikcə yeni çətinliklər ortaya çıxır: “Epidemioloji nəzarət, test strategiyası və məlumatların hərtərəfli analizinin təkmilləşdirilməsi, ictimai səhiyyə tədbirlərinin həyata keçirilməsi də daxil olmaqla, sübut əsaslı qərarlar qəbul etməyə kömək edəcək”.
David Novillo Ortiz məlumat verib ki, missiya çərçivəsində ÜST-nin Avropa Ofisindən epidemioloji nəzarət, məlumatların idarə edilməsi, səhiyyə müəssisələrinin idarə edilməsi və risk kommunikasiyası sahələri üzrə mütəxəssislər yerli səhiyyə qurumları və mütəxəssislərlə birlikdə dəyişiklikləri qiymətləndirmək və ölkənin mübarizə mexanizmlərinin təkmilləşdirilməsi üçün müvafiq sahələri müəyyənləşdirmək üzərində birgə çalışıblar: “Mütəxəssislər müşahidələr aparmaq və məlumat əldə etmək üçün Bakı, həmçinin Şamaxı və Gəncə bölgələrindəki ilkin səhiyyə xidməti mərkəzlərini və xəstəxanaları ziyarət ediblər. Daha yaxşı hazırlıq və mübarizə tədbirləri üçün səhiyyədə tərəfdaşlığın gücləndirilməsi məqsədilə COVID-19-a qarşı mübarizəyə iki missiya vasitəsilə texniki yardım göstərilib. Bununla yanaşı, ÜST-nin Avropadakı və Azərbaycandakı nümayəndəliyi tibb işçiləri arasında təcrübə mübadiləsini, innovativ həlləri və rəqəmsal platformalardan istifadə təşəbbüsünü, xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirlərinin gücləndirilməsini nəzərdə tutan REACT-C19 layihəsini həyata keçirib. Qurumun ölkə ofisi, eyni zamanda, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü" layihəsini icra edir. Bu layihə çərçivəsində səhiyyə müəssisələrində mübarizənin ön cəbhəsində çalışan şəxslər fərdi qoruyucu vasitələrlə təmin edilir və hökumətə texniki yardım göstərilir”.