Koreya pandemiya ilə mübarizə üçün Azərbaycana qoruyucu maskalar göndərib

Koreya pandemiya ilə mübarizə üçün Azərbaycana qoruyucu maskalar göndərib


Koreya hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycana humanitar yardım edib. Ümumi dəyəri 300 min ABŞ dolları təşkil edən 350 min ədəd qoruyucu KF94 maskası Bakıya çatdırılıb.
Koreyanın ölkəmizdəki səfirliyinin müşaviri Lim Jean Hyuk və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Qulu humanitar yardımı hava limanında qəbul ediblər.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Koreya Respublikası tərəfindən Azərbaycana epidemiya əleyhinə yardım layihəsi çərçivəsində gətirilmiş tibbi maskaların təhvil-təslim mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Xarici işlər nazirinin müavini Ramiz Həsənov, Koreya Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op və İTSDA-nın İdarə Heyəti sədrinin müavini Nigar Bayramova çıxış ediblər.
Ramiz Həsənov Azərbaycan və Koreya arasında qarşılıqlı anlaşma və etimada əsaslanan ən yüksək səviyyəli siyasi dialoqun olduğunu, Azərbaycanın epidemiya ilə mübarizə apardığı ilk günlərdən Koreyanın ölkəmizlə həmrəylik nümayiş etdirdiyini, maddi və mənəvi dəstəyini əsirgəmədiyini diqqətə çatdırıb. Koreyalı mütəxəssislər tərəfindən Azərbaycanın müxtəlif qurumları üçün virusla mübarizə mövzusunda mütəmadi videoseminarların keçirildiyini qeyd edən R.Həsənov Koreya Respublikası hökuməti tərəfindən Azərbaycan Respublikası hökumətinə tibbi maskaların təhvil verilməsinin Azərbaycan xalqı ilə həmrəylik rəmzi olduğunu qeyd edib və bu yardıma görə Xarici İşlər Nazirliyi adından təşəkkürünü bildirib.
Koreya Respublikasının fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op bu tədbirin koronavirus pandemiyası kimi qlobal böhranla mübarizədə Koreya və Azərbaycan əlaqələrinin yeni bir mərhələyə qədəm qoyaraq güclənməsinin ifadəsi olduğunu söyləyib. Bu mübarizədə birgə əməkdaşlığı iki ölkə xalqlarının dostluq münasibətlərinin ifadəsi kimi dəyərləndirən səfir deyib ki, təqdim edilən maskalar Azərbaycanda koronavirus pandemiyasının yayılmasının qarşısının alınmasında köməklik, ölkələrimiz arasında dostluğun simvolu və Koreya xalqının Azərbaycan xalqına bəslədiyi sevginin nişanəsidir və o bu addımın tarixə məhz bu cür yazılmasını arzulayır. Azərbaycanda pandemiyaya qarşı aparılan mübarizə tədbirlərini dəstəkləyən Kim Tonq Op ölkəmizdə koronavirus infeksiyasının yayılmağa başladığı gündən bu günədək onunla mübarizə aparan bütün əlaqədar dövlət təşkilatlarının fədakarlıq, səy və bacarıqlarına, eləcə də Azərbaycan xalqının böhranla mübarizə qabiliyyətinə öz dərin hörmətini bildirib və Azərbaycanın bu mübarizədə qalib gələcəyinə inamını ifadə edib. Sonda səfir Azərbaycan dövlət başçısının təşəbbüsü ilə BMT-nin Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsinə nail olması münasibətilə Azərbaycanı təbrik edib.
İTSDA-nın İdarə Heyəti sədrinin müavini Nigar Bayramova dünyada qlobal böhrana çevrilən bu problemə qarşı beynəlxalq birliyin həmrəyliyə və əməkdaşlığa ehtiyac duyduğunu bildirib, bu mübarizədə səylərin birləşdirilməsinin və birgə addımların atılmasının, təcrübə mübadiləsinin aparılması fonunda həmrəylik sərgilənməsinin bəşəri bəlanın neytrallaşdırılmasında önəmli olduğunu söyləyib. N.Bayramova hazırda bütün dünyanın öz səylərini koronavirusla mübarizəyə və profilaktika tədbirlərinə yönəltdiyi bir vaxtda Azərbaycan və Koreya hökumətlərinin sıx əməkdaşlıq əlaqələrinə sadiq qalaraq həmrəylik nümayiş etdirdiklərini məmnunluqla qeyd edib.
Tədbirin sonunda Koreya Respublikasının səfiri Kim Tonq Op və İTSDA İdarə Heyəti sədrinin müavini Nigar Bayramova tərəfindən “Koreya Respublikası Hökumətinin Azərbaycan Respublikası Hökumətinə epidemiya əleyhinə yardım məqsədilə verdiyi əksepidemik vasitələrin Təhvil-Təslim Aktı” imzalanıb.
Qeyd edək ki, Koreya dünyada koronavirusla uğurla mübarizə aparan ölkələrdən sayılır. Bu ilin fevralında COVID-19 infeksiyasının yayılmağa başladığı dövrdə ölkədə xəstələrin sayı sürətlə artsa da, dövlət və xalqın həmrəyliyi, tibb işçilərinin, xüsusilə həkimlərin fədakar səyləri nəticəsində Koreya pandemiyaya qalib gəlib və yüksək yoluxma faizinin qarşısı alınıb. Bununla yanaşı, Koreya Respublikasının koronavirus pandemiyası zamanı istifadə edilən test dəstləri, maska və tibbi ləvazimatları keyfiyyətinə görə yüksək qiymətləndirilir, bir çox ölkələrdən həmin məhsulların ixracı ilə bağlı təkliflər gəlir. Koreyanın yüksək ixtisaslı tibb heyəti də müalicə texnikası və təcrübə mübadiləsi üçün müxtəlif ölkələrdən çoxlu müraciətlər alıb.
Koreyanın ölkəmizə təqdim etdiyi, filtrasiya effektivliyi 94 faiz olan tibbi maskaların COVID-19-la mübarizə aparan tibb müəssisələrinə paylanılması nəzərdə tutulub. Koreya hökuməti Azərbaycana xəstəxana həyətlərində testlərin həyata keçirilməsi üçün kiçik köşklərin quraşdırılmasında dəstək verməyi də planlaşdırır. Bundan başqa, Koreyanın tibb mütəxəssisləri ölkənin COVID-19-la mübarizə strategiyasının müxtəlif istiqamətlərinin müzakirəsinə həsr olunan 9 veb-seminar təşkil edib. Həmin seminarlarda ölkəmizin epidemioloq, infeksionist və virusoloqları iştirak ediblər. Bu sahədə Koreyanın tibb mütəxəssisləri ilə geniş əməkdaşlıq planları var.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova