Milli Məclisin Səhiyyə komitəsində COVID-19-la bağlı vəziyyət müzakirə olunub
Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclasında 7 məsələyə baxılıb.
Əvvəlcə “Koronavirus (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər barədə” məsələ müzakirə olunub.
Komitənin sədri Əhliman Əmiraslanov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə görülən qabaqlayıcı tədbirlər müsbət nəticəsini verib. Dünya ölkələri ilə müqayisədə Azərbaycanda koronavirusdan ölənlərin sayı çox aşağıdır. Prezidentin gündəlik nəzarəti, diqqət və qayğısı sayəsində müvafiq dövlət qurumları vətəndaşların sağlamlığını qorumaq istiqamətində bütün zəruri tədbirləri həyata keçirirlər. Görülən işlər müsbət nəticəsini verir. Lakin dünyanı bürümüş bu bəla ilə mübarizəyə əhali də laqeyd yanaşmamalıdır.
Sonra iclasa dəvət olunmuş TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deputatlara ölkədəki mövcud vəziyyət və görülən tədbirlər barədə geniş məlumat verib, statistik rəqəmləri səsləndirib. O, koronavirusla mübarizə sahəsində Milli Məclis rəhbərliyinin və deputatların fəaliyyətini minnətdarlıqla qeyd edib, əhalini maarifləndirmə işində dəstəklərini yüksək qiymətləndirib.
Sonra komitə sədrinin müavini Rəşad Mahmudov, deputatlar Kamilə Əliyeva, Kamaləddin Qafarov, Müşfiq Məmmədli, Məlahət İbrahimqızı, Soltan Məmmədov, Ülvi Quliyev koronavirusla mübarizənin yaxın gələcəkdəki istiqamətləri və hazırda seçicilərini maraqlandıran məqamlarla bağlı suallarını səsləndiriblər. TƏBİB-in İdarə Heyətinin sədri suallara cavab verib.
Günün aktual məsələsi ilə bağlı müzakirə başa çatdıqdan sonra gündəlikdəki qanun layihələrinə baxılıb. Bildirilib ki, təqdim edilmiş qanun layihələri “Əlilliyi olan şəxslərin hüquqları haqqında” 31 may 2018-ci il tarixli Qanunun icrası məqsədilə hazırlanıb və uyğunlaşdırma xarakteri daşıyır.
Komitə üzvləri təqdim olunan qanunlarda müvafiq dəyişikliklərin edilməsini məqsədəuyğun sayıblar.
Səhiyyə komitəsində yekdilliklə qərara alınıb ki, bugünkü iclasda baxılan bütün qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunsun.