Çin COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycana yardım edib
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində ölkəmizin yeni növ koronavirus (COVID-19) epidemiyası ilə mübarizəsinə dəstək olaraq Çin Xalq Respublikası (ÇXR) tərəfindən yardımın təqdim edilməsi mərasimi keçirilib.
Toplantıda çıxış edən Xarici İşlər nazirinin müavini Ramiz Həsənov tədbirin Azərbaycan ilə Çin arasında diplomatik əlaqələrin qurulmasının 28-ci ildönümünə təsadüf etdiyini vurğulayıb, ölkələrimiz arasında qarşılıqlı anlaşma və etimada əsaslanan ən yüksək səviyyəli siyasi dialoqun mövcud olduğunu qeyd edib. Hazırda COVID-19 pandemiyası ilə qlobal səviyyədə mübarizə aparıldığı bir dövrdə Azərbaycan və Çin xalqları arasında həmrəyliyin nümayiş etdirildiyi məmnunluqla vurğulanıb. ÇXR-in Azərbaycana COVID-19 infeksiyasının müəyyən olunması üçün test dəstləri hədiyyə etməsini dostluğumuzun bariz nümunəsi adlandıran R.Həsənov göstərilən dəstəyə görə Çin xalqına və hökumətinə minnətdarlığını bildirib. O, Azərbaycanın da Çinin epidemiya ilə mübarizə apardığı ilk günlərdən Çin xalqı ilə həmrəylik nümayiş etdirdiyini, ona kömək məqsədi ilə maddi və mənəvi dəstəyini əsirgəmədiyini bildirib.
Çinin Azərbaycandakı səfiri xanım Qo Min çıxışında bu tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini, Çin ilə Azərbaycan arasındakı dərin və incə dostluğu, yüksək qarşılıqlı etimadı nümayiş etdirdiyini vurğulayıb. Yeni koronavirus sətəlcəm epidemiyasının qəfil başlaması fonunda heç bir çətinlikdən və təhlükədən qorxmayan Çin hökuməti və xalqının böyük fədakarlıqla ölkədə pandemiyanın qarşısının alınması tədbirlərindən bəhs edən diplomat hazırda mövcud vəziyyətin yaxşılaşmaqda davam etdiyini bildirib.
Səfir Çin üçün ən çətin dövrdə Azərbaycan hökumətinin və dost insanların Çinə müxtəlif yollarla güclü dəstək verdiyini vurğulayıb. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dərhal Çinin Sədri Si Cinpinə başsağlığı məktubunun göndərildiyi qeyd olunub. Səfir Qo Min Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən epidemiyanın qarşısının alınması üçün materialların bağışlanmasını, Heydər Əliyev Fondunun və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müvafiq kanallar vasitəsilə Çinlə fəal şəkildə həmrəylik nümayiş etdirdiklərini məmnunluqla qeyd edib. Diplomat həmçinin iki ölkə arasındakı dostluğu əks etdirmək məqsədi ilə Çin hökumətinin yeni növ koronavirus epidemiyasını aşkarlamaq üçün 5000 nəfərlik testi Azərbaycan tərəfinə hədiyyə etdiyini vurğulayıb. Bildirib ki, Çin həmçinin yaxın gələcəkdə Azərbaycana epidemiya əleyhinə maddi yardımın ikinci toplusunu, o cümlədən qeyri-invaziv respirator, qoruyucu geyim və s. təqdim edəcək.
Daha sonra çıxış edən Səhiyyə nazirinin müavini Viktor Qasımov hazırda bütün dünyanın COVID-19 pandemiyası ilə mübarizə apardığını qeyd edərək, bu xüsusda infeksiyanın Azərbaycandan da yan keçmədiyini təəssüflə bildirib. Dövlətimizin başçısının birbaşa rəhbərliyi ilə Azərbaycan hökumətinin infeksiyanın yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı və təsirli tədbirlər həyata keçirdiyini söyləyib.
V.Qasımov Azərbaycan həkimlərinin infeksiya ilə mübarizədə qəhrəmancasına fəaliyyət göstərdiklərini vurğulayıb. O, Çin hökumətinin və xalqının koronavirus epidemiyası ilə mübarizədə əldə etdiyi nailiyyətlər münasibətilə təbriklərini çatdırıb. Nazir müavini həmçinin Çinin Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə edib və iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə inamını bildirib.
Sonda Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Viktor Qasımov və Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Qo Min “Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına COVID-19 pandemiyası ilə mübarizə üçün tibbi vasitələrin təqdim edilməsinə dair Təhvil-Təslim Aktları”nı imzalayıblar.