ÜST Azərbaycanın koronavirusa qarşı tədbirlərini yüksək qiymətləndirib

ÜST Azərbaycanın koronavirusa qarşı tədbirlərini yüksək qiymətləndirib

Azərbaycan Respublikası ilə uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri olan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada koronavirusun yayılmasına qarşı mübarizənin gücləndirilməsi çərçivəsində bir neçə ölkəyə, o cümlədən Azərbaycana ekspertlər qrupu göndərib.
Beş gün davam edən səfər çərçivəsində ekspertlər Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təmsilçiləri ilə ölkə və regional səviyyəli xəstəxanalara, həmçinin Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyalarına, Azərbaycan Tibb Universitetinə və sərhəd-keçid məntəqələrinə baş çəkib, ölkədə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üzrə profilaktik tədbirlərlə tanış olublar. ÜST-nin ekspert qrupu infeksiyanın qarşısının alınması və ona nəzarət, laborator müayinələr, xəstələrə qulluq, zəruri dərmanların əlçatanlığı kimi sahələri inkişaf etdirmək üçün səhiyyə orqanları ilə əməkdaşlıq edib. Epidemiyanın səhiyyə sisteminə təsirin azaldılması üçün ictimai yerlərdə lazımi məsafənin qorunması kimi tədbirlər müzakirə olunub. Tibbi personalın hazırlığı, COVID-19 ilə ümumi mübarizə üsulları, vəziyyət haqqında məlumatlandırma, tibb müəssisələrinin hazırlığı, dərman, diaqnostika və tibbi vasitələrin mövcudluğunun qiymətləndirilməsi və risk kommunikasiyası mövzularında fikir mübadiləsi aparılıb.
Səfərin sonunda missiyanın yekunlarına dair mətbuat konfransı keçirilib.
Tədbirdə nümayəndə heyətinin rəhbəri Karolina Braun qeyd edib ki, ÜST-nin COVID-19 epidemiyasını pandemiya olaraq xarakterizə etməsi bütün ölkələrə öz əhalisini və bütünlükdə dünyanı qorumaq üçün fəaliyyətə keçməyə çağırışdır. Bu sahədə qlobal həmrəyliyə nail olmaq çox vacibdir. K.Braun Bakıda olduqları müddət ərzində pandemiya ilə əlaqədar çətinliklər və onların həlli yolları üzərində intensiv iş apardıqlarını söyləyib, bu işdə onlara göstərilən dəstəyə görə Azərbaycanın rəsmi qurumlarına minnətdarlığını bildirib. “Azərbaycanın koronavirusa cavab tədbirlərini genişləndirmək üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk”,- deyə missiya rəhbəri vurğulayıb.
Karolina Braun diqqətə çatdırıb ki, ÜST koronavirusa görə ekspress testlərin hazırlanması üçün işlər aparır: "Ola bilsin ki, bu, bir müddət sonra mümkün olsun. Hazırkı şəraitdə isə ÜST-nin testləri ilə müayinələr xüsusi laborator şəraitdə aparılır. Bu virus yeni olduğundan bir çox ölkələr ona qarşı test hazırlaya bilmir, buna görə onları ÜST-dən alırlar".
Mətbuat konfransında diqqətə çatdırılıb ki, Azərbaycan hökuməti COVID-19 virusunun dünyada yayılması riskinin qarşısını qonşu ölkələrlə əlaqəli şəkildə almaq istiqamətində beynəlxalq birliyin səylərinə töhfə verib. Bu məqsədlə ölkəmiz ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımı barədə qərar qəbul edib. Bu qərarın ÜST tərəfindən təqdir edildiyi vurğulanıb.
ÜST-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri Hande Harmancı öz növbəsində bildirib ki, Azərbaycanda yaya qədər virusun yayılması göstəricisinin azalmasını indidən demək çətindir: "Yay aylarında virusun yayılması hallarının səngiməsi ilə bağlı demək istəyirəm ki, hazırda Çində yoluxma faizi azalır. Lakin orada yeni faktların aşkarlanmaması üçün qabaqlayıcı tədbirlər bu gün də davam etdirilir".
Mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva koronavirusa yoluxma və sağalma faktları ilə bağlı həmin günə olan statistikanı səsləndirib.
Qeyd edək ki, ÜST-nin saytında qurumun ekspertlərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri barədə məlumat yerləşdirilib. Yazıda ölkəmizin koronavirusun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirlər, eləcə də ÜST ilə əməkdaşlığı təqdir olunub.
Missiyanın məlumatında bildirilib ki, Azərbaycan COVID-19 infeksiyasının geniş yayıldığı İranla həmsərhəd olsa da, öz ərazisini virusun yayılmasından etibarlı qorumağı bacarır.
Məlumatda qeyd edilib ki, Azərbaycan ÜST-nin yeni koronavirusun yayılmasının qarşısını almaq üçün ən qabaqcıl laboratoriya dəstlərini alan 17 ölkədən biridir.
Saytda Azərbaycan hökumətinin “COVID-19 müraciəti” Fonduna ianəsi haqqında və bu qərarın ÜST tərəfindən təqdir edilməsi barədə də məlumat verilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova