Ötən il hepatit B və C virusları ilə xəstələnmə halları azalıb
Keçən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb, həzm, qan dövranı, sidik-cinsiyyət sistemi, eləcə də qan və qanyaradıcı orqanların xəstəlikləri üstünlük təşkil edib. Yoluxucu xəstəliklərin profilaktikası, bu xəstəliklər səbəbindən əlilliyin azaldılması və qarşısının alınması işində uşaqların yeni təqvim əsasında vaxtında müasir vaksinlərlə peyvənd olunması xüsusi əhəmiyyət kəsb edir. 2019-cu ildə Azərbaycanda, inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, yoluxucu xəstəliklərdən qorunma məqsədilə uşaqlara 11 xəstəliyə qarşı peyvənd edilib. Bütün bunların nəticəsində ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğvinə nail olunub.
Bu məlumat Dövlət Statistika Komitəsinin 2019-cu ilin yanvar-dekabr ayları üzrə statistik hesabatında əks olunub.
Hesabatda bildirilir ki, Səhiyyə Nazirliyinin məlumatına əsasən, ötən ilin yanvar-noyabr aylarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə qonokokk infeksiyası (45,5 faiz), hepatit B virusu (29,4 faiz), hepatit C virusu (19,8 faiz), sifilis (13,5 faiz), suçiçəyi (8,2 faiz), ağciyər vərəmi (2,4 faiz) ilə xəstələnmə halları azalıb. Müqayisə olunan dövrdə əhalinin 100 min nəfərinə düşən xəstələnmə hallarının sayı qonokokk infeksiyası üzrə 45,8 faiz, hepatit B virusu üzrə 30,8 faiz, hepatit C virusu üzrə 18,2 faiz, sifilis üzrə 13,8 faiz, suçiçəyi üzrə 9,0 faiz, ağciyər vərəmi üzrə 3,2 faiz azalıb.
Kəskin poliomielit, epidemik parotit, məxmərək, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, göyöskürək və malyariya xəstəlikləri qeydə alınmayıb. Bununla yanaşı, qarayara, qoturluq, skarlatin, brusellyoz ilə, insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə xəstələnənlərin sayında artım müşahidə olunur. 2007-ci ildən 2018-ci ilin dekabr ayınadək ölkədə qızılca xəstəliyi, demək olar ki, qeydə alınmasa da, ötən ilin yanvar-noyabr aylarında bu xəstəliklə qeydə alınmış xəstələrin sayı 281 nəfər olub.