Vərəmin müalicəsinə müasir yanaşmalar
Bakıda bu mövzuda seminar keçirilib
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Ftiziatriya kafedrası Bakıdakı 19 nömrəli Şəhər Poliklinikasında “Vərəmin erkən aşkarlanması, profilaktikası və müalicəsinə müasir yanaşmalar” mövzusunda seminar keçirib.
Tədbirdə vərəmin erkən aşkarlanması məqsədilə ilkin tibbi xidmət mərhələsində tibb işçilərinin və əhalinin sanitar maarifləndirilməsi, stiqma hallarının aradan qaldırılması istiqamətində müzakirələrin keçirilməsi və əhali arasında bukletlərin yayılmasıının rolu müzakirə edilib.
Seminarda Bakının Yasamal rayonunda seçilmiş risk qruplarının vərəmin aşkarlanmasına və ümumilikdə xəstələnmənin intensiv səviyyəsinə təsiri haqqında məlumat verilib. Qeyd edilib ki, son üç ildə risk qrupları arasında aparılan məqsədli müayinələrin nəticəsində Yasamal rayonunda mono- və poli-davamlı xəstələrin 2,9 dəfə, ciddi dərmana davamlı formaların 12,1 dəfə azalması, müalicənin səmərəsinin isə 92,3 faiz səviyyəsinə çatması müşahidə olunur.
Uşaq, yeniyetmə və gənclər arasında latent vərəm infeksiyasını müəyyən etmək üçün risk qruplarının seçilərək immunodiaqnostikaya cəlb olunması, yaşlı əhali arasında aktiv və passiv müayinə metodlarının tətbiqi, görülən tədbirlərin vərəmin aşkarlanması və xəstələnmənin intensiv səviyyəsinə təsiri müzakirə edilib. Xəstəliyin müalicəsində bakterioloji müayinənin rolu və onun müalicənin səmərəsinə təsiri, müasir müalicə sxemləri haqqında geniş izahat verilib.