ÜST Azərbaycanda tütünlə mübarizə üzrə görülən işləri uğurlu təcrübə sayır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tütünə qarşı Mübarizə haqqında Çərçivə Konvensiyasının saytında Azərbaycanda tütünlə mübarizə tədbirlərinə dair məlumat yerləşdirilib.
Belə ki, saytda qoyulan “Tütünə qarşı Mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının 14-cü maddəsinin və onun həyata keçirilməsi üzrə Rəhbər Prinsiplərin yerinə yetirilməsində ölkələrin uğurlu təcrübələri” adlı kitabda tütünlə mübarizə istiqamətində bir sıra ölkələrdə görülən tədbirlərlə bağlı təşkilat tərəfindən toplanaraq işlənmiş materiallar geniş oxucu auditoriyasına təqdim olunub. Burada digər ölkələrlə yanaşı, Azərbaycanda bu sahədə fəaliyyətin təhlili də yer alıb.
Məlumat Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən ÜST-nin Tütünə Qarşı Mübarizə haqqında Çərçivə Konvensiyasının Katibliyinə göndərilən geniş material əsasında hazırlanıb.
“Azərbaycan: tütündən imtinaya dair qanunvericilik bazası” başlığı ilə verilən materialda sağlamlığın qorunması və tütünlə mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs edilib. Azərbaycanda İSİM tərəfindən aparılan Gənclər arasında Tütündən İstifadənin Qlobal Tədqiqatı (2016-cı il) və Qeyri-infeksion xroniki xəstəliklərin risk amilləri üzrə 2-ci Milli Tədqiqatın (2017-ci il) nəticələrinə əsasən, tütünçəkənlər arasında kişilər (48,8 faiz) qadınlarla (0,2 faiz) müqayisədə üstünlük təşkil edib. Eyni zamanda, kişilərin 28,4 faizi iş yerlərində, qadınların isə 23,3 faizi evlərində daha çox ətrafa yayılan ikincili tütün tüstüsünün təsirinə (passiv tütünçəkməyə) məruz qalıb. Tədqiqat onu da göstərib ki, siqaret çəkən kişilərin təxminən yarısı əvvəlki illər ərzində siqaretdən imtina etməyə çalışıblar. 2017-ci ildə “Azərbaycanda tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Qanun”un qəbul edilməsi ilə ölkədə aparılan tütünlə mübarizə tədbirlərinin gücləndirilməsi vurğulanıb. Qanunda elektron siqaret və qəlyanın digər tütün məmulatlarına bərabər tutulması, tütün məmulatlarının və tütün istifadəsi prosesinin televiziya və videofilmlərdə, teatr tamaşalarında və s. bu kimi audiovizual əsərlərdə zərərli vərdişin reklamı kimi qəbul edilməsi və nümayişinin qadağan olunması, eləcə də sağlam həyat tərzinin təşviqi, tütün istifadəsinin və ətraf mühitdə tütün tüstüsünün zərərli təsirlərinin azaldılması və siqaretdən imtina edilməsinə dəstək verilməsi məsələləri kimi müddəaların yer alması təqdir olunub.