Xəstəxanadaxili İnfeksiyalar üzrə Azərbaycan-Türkiyə konfransı
![Xəstəxanadaxili İnfeksiyalar üzrə Azərbaycan-Türkiyə konfransı](/uploads/posts/2020-03/1583833121_w_1615822737071776014393_1000x669.jpg)
Bakıda Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi (MOM) tərəfindən təşkil olunmuş Xəstəxanadaxili İnfeksiyalar üzrə Azərbaycan-Türkiyə müştərək konfransı keçirilib.
Toplantıda Azərbaycan və Türkiyənin aparıcı mütəxəssislərinin xəstəxanadaxili infeksiyalar və antibakterial terapiya mövzusunda təqdimatları dinlənilib, müzakirələr aparılıb.
Tədbirdə 250-yə yaxın onkoloq, bioloq, anestezioloq-reanimatoloq, infeksionist, klinik farmakoloq, əczaçı, mama-ginekoloq, kardioloq, neonatoloq, molekulyar genetik, otorinolarinqoloq, klinik və fundamental onkologiya sahəsində tədqiqatçı və digər tibbi sahələrin mütəxəssisləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyev tədbir iştirakçılarını MOM-un baş direktoru, akademik Cəmil Əliyevin adından salamlayıb və mərkəzin fəaliyyəti ilə bağlı məlumat verib. Azərbaycanda dövlətimizin başçısının qayğısı sayəsində onkologiya sahəsində mühüm nailiyyətlər əldə olunduğunu, onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirildiyini söyləyən Əziz Əliyev bunun nəticəsində ölkəmizdə onkoloji xəstələrə yardımın yüksək səviyyəsinin dünyanın lider klinikaları tərəfindən qəbul olunmasını deyib, bildirib ki, MOM ilə ABŞ-ın M.D.Anderson adına Onkoloji Mərkəzi arasında uzunmüddətli əməkdaşlıq haqqında müqavilə bağlanması bunu təsdiq edir. Professor Ə.Əliyev seminarın vacib mövzuya həsr olunduğunu vurğulayıb, qeyd edib ki, xəstəxanadaxili infeksiyalarla mübarizə istiqamətində əldə olunan mühüm nailiyyətlərə baxmayaraq, bu infeksiyalar hələ də əksər dünya ölkələrində, o cümlədən ölkəmizdə səhiyyənin aktual problemlərindən biri olaraq qalır.
Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancının “Xəstəxanadaxili infeksiyaların qarşısının alınması ilə bağlı ÜST-nin təlimatları və onların tətbiq üsulları”, Türkiyənin Səhiyyə Elmləri Universitetinin Beynəlxalq tibb fakültəsi Ümumi cərrahiyyə şöbəsinin müdiri professor Mustafa Turanın “Yanıq xəstələri və cərrahi xəstələrdə infeksiyaya nəzarət tədbirləri. İkincili infeksiyalı xəstələrin müalicəsində müasir yanaşma”, MOM Reanimasiya şöbəsinin rəhbəri Zəhra Vəzirovanın “Süni ventilyasiya ilə əlaqəli pnevmoniyaların müasir müalicə aspektləri”, Mərkəzi Klinikanın İnfeksiyaya Nəzarət Komitəsinin sədri, tibb üzrə fəlsəfə doktoru Yaqut Qarayevanın “Süni ventilyasiya ilə əlaqəli pnevmoniyaların profilaktikası”, Milli İdman Tibbi və Reabilitasiya İnstitutunun müalicə işləri üzrə direktor müavini, tibb üzrə fəlsəfə doktoru Yeganə Abbasovanın “Septik şok. Müasir müalicə metodları”, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tədris işləri üzrə prorektoru, tibb üzrə fəlsəfə doktoru Təyyar Eyvazovun “HBV markerlərinin seropozitivliyi olan pasiyentlərdə immunosupressiv və kimyəvi terapiyanin xüsusiyyətləri” və digər mövzularda məruzələr dinlənilib və elmi fikir mübadiləsi aparılıb.
Konfrans çərçivəsində tibb bacıları üçün Bağcılar Təhsil və Araşdırma Xəstəxanası İnfeksion Nəzarət Komitəsinin üzvü Emine Güngör (Türkiyə) “Xəstəxanadaxili infeksiyaların qarşısını alma tədbirləri. Gündəlik rutin qaydalar” və Milli Onkologiya Mərkəzinin İnfeksiyaya Nəzarət Komitəsinin sədri Səriyyə Cavadzadə “İnvaziv girişlərdə və cərrahi müdaxilələrdə standartlar” mövzularında seminar keçiriblər. Təlimdə 200-dən çox tibb bacısı iştirak edib.
Qeyd edək ki, Xəstəxanadaxili İnfeksiyalar üzrə Azərbaycan-Türkiyə müştərək konfransı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiyadan keçib. Konfransın sonunda iştirakçı mütəxəssislərə sertifikatlar təqdim edilib.