“Ağır travmatoloji xəstələrə yanaşma və travmatik şok”
Bakıda bu mövzuda seminar keçirilib
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında Travmatologiya və ortopediya, Reanimatologiya-anesteziologiya və intensiv terapiya şöbələrinin birgə təşəbbüsü ilə “Ağır travmatoloji xəstələrə yanaşma və travmatik şok” mövzusunda seminar keçirilib. Travmatologiya və ortopediya şöbəsinin müdiri Cəfər Nəsirli, Reanimatologiya-anesteziologiya və intensiv terapiya şöbəsinin müdiri Cavid Paşayev çıxış edərək, müştərək seminarın keçirilməsinin vacibliyinə toxunub, mövzu ətrafında aparılacaq müzakirələrin iştirakçılar üçün faydalı olacağını vurğulayıblar.
Sonra rezidentlərdən Kənan Quliyev və Aişə Yolçuzadə mövzu ətrafında çıxışlar ediblər. Onlar çıxışlarında travmatik xəstələrin müayinə və müalicəsi, ilkin tibbi yardımın necə göstərilməsi, travmatik şokun mərhələləri və sairlə bağlı seminar iştirakçılarına ətraflı məlumat veriblər.
Seminar geniş diskussiya və sual-cavablarla işini yekunlaşdırıb.