Lənkəranda oftalmoloji aksiya
![Lənkəranda oftalmoloji aksiya](/uploads/posts/2020-03/1583829914_lnkranda-keiriln-oftalmoloji-aksiya-zaman-245-nfr-mayin-edilib-1.jpg)
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Lənkəranda tibbi aksiya keçirib. Üç gün davam edən aksiyanın ilk iki günü müayinələr aparılıb, üçüncü gün isə cərrahi əməliyyatlar icra olunub.
Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən bildirildiyinə görə, aksiya çərçivəsində 245 nəfər müayinə edilib, 11 nəfər üzərində cərrahi əməliyyatlar həyata keçirilib. Müayinələr zamanı konyunktivit, presbiopiya, miopiya, hipermetropiya, quru göz sindromu, astiqmatizm, katarakta və s. oftalmoloji xəstəliklər aşkarlanıb.
Aksiyada məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, refraksiya anomaliyalarını aşkarlamaq, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərməkdən ibarət idi.
Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası 2018-ci ildə fəaliyyətə başlayıb və ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərir. Mərkəzin Avtomobil Səyyar Klinikası isə 2005-ci ildən etibarən paytaxtda və ölkəmizin müxtəlif bölgələrində mütəmadi olaraq pasiyentlərə tibbi xidmət edir.