“Qeyri-infeksion xəstəliklərin yükü və onlarla mübarizə strategiyaları”
![“Qeyri-infeksion xəstəliklərin yükü və onlarla mübarizə strategiyaları”](/uploads/posts/2020-01/1578901920_qeyri-infeksion-xstliklrin-yk-v-mbariz-strategiyalar-mvzusunda-ii-milli-konfrans-keirilib-1.jpg)
Bakıda bu mövzuda II Milli Konfrans keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi ilə Bakıda “Qeyri-infeksion xəstəliklərin (QİX) yükü və onlarla mübarizə strategiyaları” mövzusunda II Milli Konfrans keçirilib.
AZƏRTAC-ın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 23 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası ilə bağlı görülən işlər, həmçinin son iki il ərzində bu xəstəliklərlə mübarizədə əldə olunmuş nəticələr, bu sahədə olan çətinliklər və qarşıda duran problemlərin aradan qaldırılması məsələləri, STEPS sorğusunun nəticələri geniş müzakirə edilib.
II Milli Konfransı giriş sözü ilə açan Səhiyyə nazirinin müavini Rahim Əliyev bildirib ki, həm bütün dünya miqyasında, həm də ayrı-ayrı ölkələr səviyyəsində QİX ilə mübarizə səhiyyə sistemlərinin və ümumiyyətlə, dövlətin prioritet vəzifələrindən birinə çevrilib: “Qeyri-infeksion xəstəliklər insanlara verdikləri iztirablara, eləcə də sosial-iqtisadi baxımdan ölkələrin həyatına mənfi təsirinə görə səhiyyə və inkişaf sahələrində XXI əsrin mühüm problemlərindəndir. Müasir dövrdə sürətli urbanizasiya və qeyri-sağlam həyat tərzinin qloballaşması amilləri QİX yükünün artmasına təsir edib. Bugünkü konfransın əsas məqsədi bu istiqamətdə görülən işləri bir daha nəzərdən keçirmək, daha yaxşı nəticələr əldə etmək üçün səy göstərməkdir”.
İSİM-in direktoru Qəhrəman Haqverdiyev qeyri-infeksion xəstəliklərin tütünçəkmə, artıq çəki və qeyri-sağlam qidalanma kimi risk faktorları ilə bağlı olduğunu vurğulayıb: “ÜST-nin dəstəyi ilə Azərbaycanda qeyri-infeksion xəstəliklərin öyrənilməsi üzrə keçirilən STEPS sorğusunun nəticələri bir daha göstərdi ki, insanların sağlam həyat tərzi vərdişlərinə yiyələnməsi vacib məsələdir. Məsələn, əgər 2011-ci ildə iştirakçıların yalnız 15 faizi gündə 400 qram meyvə və tərəvəz qəbul etdiyini bildirirdisə, 2017-ci ildə bu rəqəm artıq 25 faiz idi. Deməli, maarifləndirmə və sağlam həyat tərzi istiqamətində aparılan təbliğat insanların adət etdiyi qidalanma vərdişlərinin dəyişməsinə təkan verir”.
Qeyd edək ki, ÜST-nin dəstəyi ilə İSİM tərəfindən həyata keçirilən STEPS sorğusu ölkələrə QİX-lərə nəzarət və onlarla mübarizə üçün öz nəzarət sistemlərini inkişaf etdirməyə kömək edən araşdırma metodudur. Azərbaycanda ilk dəfə 2011-ci ildə aparılmış və artıq ikinci dəfə həyata keçirilmiş bu milli sorğunun məqsədi əhali arasında qeyri-infeksion xəstəliklərin yayılmasını, mövcud vəziyyəti və gələcək meyilləri qiymətləndirmək, ÜST-nin təsdiq etdiyi metodlarla bu sahədə yeni məlumatlar əldə etməkdir.
ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı konfransdakı çıxışında yalnız əl-ələ verərək bu sahədə uğur qazanmağın mümkün olduğunu qeyd edib, həkimlər və tibb mütəxəssisləri ilə yanaşı, digər sahələrin, qurumların nümayəndələrinin də bu tədbirdə iştirakını yüksək qiymətləndirib: “Qeyri-infeksion xəstəliklərin qarşısını almaq və onları nəzarətdə saxlamaq üçün Səhiyyə, Təhsil, Gənclər və İdman nazirlikləri, kütləvi informasiya vasitələri, yerli qeyri-hökumət təşkilatları və digər tərəfdaşları birgə əməkdaşlığa cəlb etməklə, hərtərəfli yanaşma lazımdır. Azərbaycanda qeyri-infeksion xəstəliklərin üstünlük təşkil edən risk faktorlarına qarşı səmərəli mübarizə üçün dünyada mövcud olan QİX siyasətləri və strategiyaları qəbul edilməli və yerli standartlara uyğunlaşdırılmalıdır. Belə uyğunlaşdırma aparılarkən, sağlam qidalanmaya, fiziki hərəkətliliyə, tütündən istifadənin, hipertoniyanın və diabetin qarşısının alınmasına və nəzarətdə saxlanmasına xüsusi diqqət yetirilməlidir”.
ÜST-nin Avropa Regional Bürosunda (ARB) Qeyri-infeksion xəstəliklər və sağlamlığın həyat boyu təbliği bölməsinin direktoru Bente Mikkelsen videotəqdimatla çıxış edərək, tibbi xidmətin keyfiyyətinin artırılmasının və bu sahədə informasiya imkanlarının genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
ÜST ARB-nin Qeyri-infeksion xəstəliklərin qarşısının alınması və onlara nəzarət proqramının meneceri İvo Rakovac, həmin qurumda qidalanma, fiziki aktivlik və piylənmə məsələləri üzrə proqram rəhbəri Joao Breda Azərbaycanda STEPS sorğusunun müqayisəli təhlili və QİX-in qarşısının alınması üzrə əldə olunan nəticələr barədə çıxış ediblər.
Qeyri-infeksion xəstəliklərin profilaktikasına həsr olunmuş konfransın ikinci – elmi-praktik hissəsində Azərbaycan Tibb Universiteti, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, İSİM, Milli Onkologiya Mərkəzi, Respublika Endokrinoloji Mərkəzi və digər aparıcı institutların, mərkəzlərin nümayəndələrinin məruzələri, çıxışları dinlənilib. Şəkərli diabet, ürək-damar, onkoloji və ağciyər xəstəliklərinin profilaktikasına dair məsələlərə xüsusi yer ayrılan bu hissədə onların fiziki aktivliyin olmaması, artıq çəki və piylənmə, duzun həddən artıq istifadəsi, spirtli içkilərdən sui-istifadə və sair kimi risk amilləri haqqında danışılıb, bu faktorların aradan qaldırılması, ümumiyyətlə, qeyri-infeksion xəstəliklərin iqtisadi yükünün azaldılması üçün aparılan tədqiqat və araşdırmaların nəticələri geniş müzakirə edilib.
Konfransda həmçinin fiziki passivliklə mübarizə istiqamətində görülən işləri dəstəkləmək məqsədilə fiziki aktivlik dəqiqələrinə vaxt ayrılıb və sağlam həyat tərzi vərdişlərinin əhali arasında geniş təbliğ və təşviq olunması istiqamətində birgə əməkdaşlığın vacibliyi vurğulanıb.
II Milli Konfrans çərçivəsində QİX-lərin profilaktikası və tütünçəkmə ilə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi məqsədilə “Tütünsüz həyat – sən özün yarat!” şüarı altında təşviqat aksiyası da keçirilib.