ADHTİ ilə Belarus tibb təhsili müəssisəsi arasında əməkdaşlıq davam edəcək
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Belarus Diplomdansonrakı Təhsil Akademiyasının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib. Nümayəndə heyətinə Belarus Diplomdansonrakı Təhsil Akademiyasının prorektoru A.Platonov və dekanı Y.Vorobyova, Belarus Respublikası Travmatologiya və Ortopediya Elmi-Praktik Mərkəzi Dövlət Müəssisəsinin direktoru, professor M.Gerasimenko da daxil idi.
Görüşdə ADHTİ-nin rektoru, professor Nazim Qasımov çıxış edərək, müəssisələr arasında get-gedə genişlənən əlaqələrdən danışıb və bu sahədə böyük potensialın olduğunu qeyd edib. Belaruslu qonaqlar əlaqələrin genişlənməsində böyük maraqları olduğunu diqqətə çatdırıblar.
Tədbirdə ADHTİ ilə Belarus Diplomdansonrakı Təhsil Akademiyası arasında qarşılıqlı əlaqələr haqqında bağlanmış memorandumun müddəti daha 3 il artırılaraq 2022-ci ilə qədər uzadılıb. Eyni zamanda, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə Belarus Respublikası Travmatologiya və Ortopediya Elmi-Praktik Mərkəzi Dövlət Müəssisəsi arasında da əməkdaşlıq haqqında saziş bağlanıb.