Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli Konqresi

Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli Konqresi

Bakı Konqres Mərkəzində Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) növbəti illik VIII Milli Konqresi keçirilib.
Tədbirdə 800-ə yaxın yerli mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, Mərkəzi Asiya, Balkan ölkələrindən 30-a yaxın ekspert, spiker və qonaq iştirak edib.
Konfransı giriş sözü ilə açan Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, professor Tofiq Cahangirov bildirib ki, AKC 2009-cu ildə yaranıb və cəmi 2 ildən sonra İdarə Heyəti üzvlərinin məqsədyönlü fəaliyyəti, gərgin əməyi və səyi nəticəsində Avropa Kardiologiya ailəsinin sayca 54-cü həqiqi üzvü seçilib. Diqqətə çatdırılıb ki, birliyin əsas məqsədi ölkədə ürək-damar xəstəliklərinin (ÜDX) profilaktikası, diaqnostikası və müalicəsinin dünya səviyyəsinə çatdırılmasına kömək etmək, kardioloqların bu sahədə biliklərini və peşəkarlıq səviyyəsini artırmaq, dünya kardiologiya elminin nailiyyətlərini Azərbaycanda təbliğ etmək, ölkəmizdə ürək-damar xəstəliklərinin yayılması səbəblərini öyrənmək, Azərbaycan kardioloqları ilə Avropa və digər ölkələrin kardioloqları arasında əməkdaşlığın inkişafına kömək etməkdir: “XXI əsrdə bütün dünyada böyük problemə çevrilən ÜDX-dən milyonlarla insan əziyyət çəkir. VIII Milli Konqresin elmi proqramı aktual mövzuları, o cümlədən ÜDX-nin epidemiologiyası, proqnozu, kəskinləşmələri, ürək çatışmazlığı, ritm və keçiricilik pozulmaları, hipertenziya, komorbid hallar və sair problemlərin həllinə dair yenilikləri, eləcə də invaziv kardiologiyanın nailiyyətlərini özündə cəmləşdirir. İlk gün gənc kardioloqlar üçün ürəyin anatomiya kursu, təkmil elektrokardioqrafiya (EKQ) kursu, qapaq xəstəlikləri kursu təşkil edilib. Keçən illərdən fərqli olaraq, bu il Azərbaycan Kardiologiya Cəmiyyəti Avropa Kardiologiya Cəmiyyətinin Ürək Çatışmazlığı Assosiasiyası (ESC/HFA), Rusiya Kardiologiya Cəmiyyəti, Türkiyə Kardioloji Dərnəyi ilə birlikdə ortaq sessiyalar keçirəcək. Yeniliklərdən biri də orta tibb personalının sessiyasının təşkilidir. Konfrans üçün göndərilən tezislər müvafiq Komitə tərəfindən təsdiqləndikdən sonra tezis materialları kimi dərc olunacaq”.
Konqres öz işini plenar sessiyalarla davam etdirib. Azərbaycan və xarici ölkə mütəxəssislərinin məruzələri dinlənilib.
Qeyd edək ki, Azərbaycan Kardiologiya Cəmiyyətinin VIII Milli Konqresi Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən Davamlı Tibb Təhsili kursu kimi akkreditə olunub.





Avqust 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova