Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib

Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib

Bakıda keçirilən III Beynəlxalq uroonkologiya simpoziumunda uroonkoloji xəstəliklərə müasir yanaşmanın rolu, ona müxtəlif yanaşma aspektləri, xüsusilə urologiya və onkologiya sahələrində olan yeniliklər və problemlər müzakirə olunub.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin (MOM) təşkilatçılığı ilə baş tutan simpoziumda Mərkəzin direktor müavini Fuad Quliyev çıxış edərək, tədbir iştirakçılarını MOM-un baş direktoru, akademik Cəmil Əliyevin adından salamlayıb və mərkəzin fəaliyyəti ilə bağlı məlumat verib. Tədbirdə Azərbaycan ilə yanaşı, Türkiyə, Almaniya, Niderland, Rusiya, Ukrayna, Belarus və Gürcüstandan mütəxəssislərin uroonkoloji xəstəlikləri əhatə edən təqdimatlarla çıxış edəcəyini söyləyən direktor müavininin sözlərinə görə, bu cür tədbirlər Azərbaycan səhiyyəsində son illərdə əldə olunan nailiyyətləri paylaşmağa, həm də təcrübə mübadiləsi aparmağa imkan verir. Fuad Quliyev ölkədə bütün sahələrdə olduğu kimi, uroonkologiya sahəsində də ciddi irəliləyişlər olduğunu bildirib.
Sonra professor Kamal Abdullayev, professor Serdar Tekgül (Türkiyə) və digər mötəbər qonaqlar çıxış edərək, belə tədbirlərin Azərbaycanda keçirilməsindən məmnun olduqlarını, uroonkologiya sahəsində dünyaca məşhur mütəxəssislərin təcrübə mübadiləsinin inkişafa səbəb olacağını vurğulayıb, simpoziumun işinə uğurlar arzulayıblar.
Elmi forumda “Urologiya təlimində standartlar”, “Azərbaycanda uroonkoloji xidmətin təşkili”, “Prostat xərçənginin diaqnostikasında MRİ və füzyon biopsiya”, “Prostat xərçənginin skrininqi: mənfi və müsbət tərəfləri”, “Prostat xərçəngində fokal terapiya”, “Prostat xərçəngində aktiv müşahidə”, “Radikal prostatektomiya”, “Çox yüksək riskli prostat xərçənginin cərrahi müalicəsi”, “Metastatik prostat xərçənginin müalicəsində yeni dövr”, “Qeyri-invaziv sidik kisəsi xərçəngində və ya yuxarı traktın şişlərində inkişaf etmiş görüntüləmə”, “Ortotopik sidik kisəsi”, “Hissəvi nefrektomiyada hemostaz üsulları”, “Laparoskopik radikal nefrektomiya: böyrək şişlərinin effektiv müalicə üsulu”, “Böyrək xərçəngində sitoreduktiv cərrahiyyənin yeri”, “Genetik markerlərin böyrək xərçəngində proqnostik əhəmiyyəti”, “Laparoskopik adrenalektomiya” və digər mövzularda məruzələr dinlənilib, elmi fikir mübadiləsi aparılıb.
III Beynəlxalq Uroonkologiya Simpoziumu ərəfəsində bu tədbirin tərkib hissəsi kimi, Milli Onkologiya Mərkəzində ekspertlərin iştirakı ilə təlim və bir sıra laparoskopik əməliyyatlar keçirilib.
Qeyd edək ki, simpozium Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditasiyadan keçib və ona 16 kredit vahidi verilib. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova