Bakıda VI Beynəlxalq Tibbi Treninq Günləri
![Bakıda VI Beynəlxalq Tibbi Treninq Günləri](/uploads/posts/2019-12/1575628282_bakda-vi-beynlxalq-tibbi-treninq-gnlri-keirilck-1.jpg)
Bakıda Azərbaycan Minimal İnvaziv Cərrahlar İctimai Birliyinin və Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə VI Beynəlxalq Tibbi Treninq Günləri keçirilib.
Beynəlxalq tədbirin açılış mərasimində çıxış edən Tibb Konqresinin Azərbaycan tərəfdən prezidenti, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin professoru, Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyətinin sədri, professor Qurbanxan Müslümov bildirib ki, üç gün davam edəcək treninqlər Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunaraq, 22 davamlı tibbi təhsil balı ilə qiymətləndirilib: “Əsası 2014-cü ildə Milli Onkologiya Mərkəzi və Azərbaycan-Almaniya Tibbi Əməkdaşlıq Cəmiyyəti tərəfindən qoyulmuş bu treninqlər zamanı Azərbaycan, Rusiya və Mərkəzi Asiya ölkələrindən gəlmiş 100-dən çox həkim, rezident və tələbələr üçün laparoskopik və ümumi cərrahiyyə, endoskopiya, ultrasonoqrafiya, ginekologiya, kardiopulmonar reanimasiya və lazer təbabəti üzrə Avropada tanınmış Davos Tibb Kursları və digər tanınmış proqramlar əsasında beynəlxalq səviyyəli treninqlər və vərdişlər kursu təşkil ediləcək”.
Tədbirdə çıxış edən professorlar Surxay Hadıyev, Kamran Musayev, Ahmet Memiş və digər alimlər bu tip tədbirlərin tibbin inkişafında mühüm rol oynadığını, gənc kadrların hazırlanması, həkimlərin Davamlı Tibb Təhsili proqramı üzrə təkmilləşməsi baxımından çox əhəmiyyətli olduğunu, xüsusən də gənc mütəxəssislər üçün təcrübə məşğələlərinin önəmini qeyd ediblər.
Tədbir Azərbaycanın tanınmış professor və tibb mütəxəssislərinin moderatorluğu ilə elmi mühazirələr və panel diskussiyalarla davam edib. Dünya səviyyəli alimlər tərəfindən Azərbaycandan və xarici ölkələrdən gəlmiş iştirakçılara tibbin ən aktual problemlərinə həsr olunmuş məruzələr oxunulub, ağır kliniki halların müzakirəsi, azərbaycanlı mütəxəssislərin bilik və təcrübə mübadiləsi aparılıb.
Qeyd edək ki, VI Bakı Beynəlxalq Tibbi Treninq Günlərində təlimlər Avropada həkim və tələbələrə xüsusi peşə vərdişlərinin öyrədilməsi məqsədilə tədris edilən texnikadan istifadə olunmaqla, ən müasir avadanlıqlar, simulyatorlar və tibbi modellər üzərində aparılıb. Tədbir çərçivəsində müxtəlif ixtisaslar üzrə müvafiq klinikalarda ustad dərsləri təşkil edilib, həmçinin müxtəlif həcmli cərrahi əməliyyatlar konfrans zalına birbaşa, canlı translyasiya olunub, eyni zamanda, interaktiv müzakirələr aparılıb.