II Azərbaycan Diabet Konqresi

II Azərbaycan Diabet Konqresi

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika Endokrinoloji Mərkəzi, Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyası, Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyəti və Azərbaycan Diabet Cəmiyyətinin təşkilatçılığı, Heydər Əliyev Fondunun dəstəyi ilə II Azərbaycan Diabet Konqresi keçirilib.
Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədri Valeh Mirzəzadə noyabrın 14-də Dünya Diabetlə Mübarizə Gününün qeyd olunduğunu diqqətə çatdırıb: "Bu gün bütün dünyada mütəxəssislər diabetlə mübarizənin yollarını müzakirə etmək üçün bir araya gəlirlər. Həmin məqsədlə ölkəmizdə təşkil olunmuş konqresdə təcrübələrini bölüşmək üçün yerli və xarici mütəxəssislər iştirak edirlər. Ümid edirəm ki, konqres şəkərli diabetin idarəetmə prosesini ümumiləşdirməyə və şəkərli diabet xəstələrinə göstərilən tibbi yardım xidmətlərini təkmilləşdirməyə imkan verəcək. Konqresdə pre-diabetlə mübarizə üsulları, onun normal vəziyyətdə saxlanılması, şəkərli diabetə keçməsinin qarşısının alınması da müzakirə ediləcək”.
V.Mirzəzadə məlumat verib ki, hazırda Azərbaycanda dispanser qeydiyyatında 250 minə yaxın şəkərli diabet xəstəsi var. Lakin xəstəliyindən xəbərsiz olanlar və qeydiyyata durmayanlar da var. Bu da onu deməyə əsas verir ki, ölkəmizdə şəkərli diabet xəstələrinin sayı daha çoxdur.
Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov bildirib ki, Heydər Əliyev Fondu ölkədə həyata keçirilən səhiyyə siyasətinə dəstək olaraq 2004-cü ildən "Diabetli uşaqlara xüsusi qayğı" layihəsi çərçivəsində uşaqları lazımi dərmanlarla təmin edir. Qeyd olunub ki, Heydər Əliyev Fondu Azərbaycanda diabetlə mübarizəyə, eyni zamanda, ürək qüsurlu uşaqların profilaktika, müalicə və əməliyyatlarına, sosial cəhətdən ehtiyacı olan insanlara, əlillərə, ictimai səhiyyə sahəsində aparılan bütün tədbirlərə dəstək göstərir. Fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qarşıdakı bir il ərzində ölkə üzrə şəkərli diabet xəstəliyi olan 18 yaşadək şəxslər insulin preparatları və şpris-qələmlərlə təmin ediləcək.
Azərbaycan Endokrinologiya, Diabetologiya və Terapevtik Təlimat Assosiasiyasının sədri, Əməkdar həkim Tamfira Əliyeva, Azərbaycan Diabet Cəmiyyətinin sədri Mömünat Ömərova və Azərbaycan Endokrinoloqlar Elmi Cəmiyyətinin sədr müavini, Respublika Endokrinoloji Mərkəzinin direktor müavini Babək Salek şəkərli diabetin dünyada ən geniş yayılmış qeyri-infeksion epidemiya olduğunu bildiriblər. Onlar diabetlə birgə mübarizənin vacibliyini qeyd edib, əhalinin maarifləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Konqres plenar iclaslarla davam etdirilib.
Qeyd edək ki, Beynəlxalq Diabet Federasiyasının məlumatlarına əsasən, diabetli xəstələrin sayı 2000-2017-ci illərdə 151 milyondan 425 milyona qədər artıb. Bu rəqəmin 2045-ci ildə 628,6 milyona çatacağı gözlənilir. Hazırda şəkərli diabetin tibbi-sosial əhəmiyyəti şübhə doğurmur. Bu, 2006-cı il dekabrın 20-də BMT-nin Baş Assambleyası və 2011-ci il 19-20 sentyabrda BMT-nin Baş Assambleya İclasının Siyasi Bəyannaməsi ilə təsdiq olunub. Şəkərli diabetin tibbi-sosial əhəmiyyəti onun nəinki epidemiya xarakteri alması, həmçinin xəstələrin əlilliyinə və ölümünə səbəb olması ilə əlaqədardır.







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova