Dünya Psixi Sağlamlıq Gününə həsr olunmuş elmi-praktik konfrans
![Dünya Psixi Sağlamlıq Gününə həsr olunmuş elmi-praktik konfrans](/uploads/posts/2019-11/1573194199_bakda-dnya-psixi-salamlq-gnn-hsr-olunmu-elmi-praktik-konfrans-keirilib-7.jpg)
Bakıda Dünya Psixi Sağlamlıq Gününə həsr olunmuş “Psixi Sağlamlıq: intiharların profilaktikasında tibbi və icma əsaslı yanaşmalar” mövzusunda elmi-praktik konfrans keçirilib. Azərbaycanlı mütəxəssislərin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə qeyd olunub ki, Dünya Psixi Sağlamlıq Gününün keçirilməsi psixi sağlamlıq problemləri və profilaktika üsulları barədə ictimaiyyətin məlumatlılığının artırılması məqsədi daşıyır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada hər 40 saniyədə bir nəfər öz həyatına son qoyur. Digər ölkələrlə müqayisədə Azərbaycanda belə halların sayı çox olmasa da, təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizdə hər il 400-dək insan intihar edir. Bu barədə Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli konfransda çıxışında deyib. İntiharların səbəblərinin müxtəlif olduğunu söyləyən natiq əsas diqqəti onların profilaktikasına yönəltməyin vacibliyini vurğulayıb.
ÜST-nin Azərbaycan ofisinin rəhbəri Hande Hermançı, UNICEF-in Azərbaycan üzrə rəhbəri Edvard Karvardin, Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev, Ombudsman Aparatının şöbə müdiri Rəşid Rumzadə öz çıxışlarında bildiriblər ki, ÜST və tərəfdaşları özünəqəsdə cəhd edən adamların lazımi qaydada müalicə edilməsini və nəzarətdə saxlanmasını, intihar hadisələrinin kütləvi informasiya vasitələrində ehtiyatla işıqlandırılmasını vacib sayırlar. Çıxışlarda Azərbaycanda psixi sağlamlığın müdafiəsi baxımından görülən tədbirlər, planlaşdırılan addımlar haqqında məlumat verilib. Qeyd olunub ki, 2011-ci ildə Səhiyyə Nazirliyi tərəfindən Psixi Sağlamlığın Müdafiəsinə Dair strategiya qəbul edilib, orada həm uşaq və yeniyetmələrin, həm də böyük yaşlı əhalinin psixi sağlamlığının qorunması ilə bağlı məsələlər öz əksini tapıb.
Konfransın elmi hissəsi tematik məruzələrlə davam edib.