Beynəlxalq Oftalmologiya Günü
2004-cü ildən avqustun 8-i Beynəlxalq Oftalmologiya Günü və ya Beynəlxalq Oftalmoloq Günü kimi qeyd olunur.
Həmin gün üçün 8 avqust tarixinin seçilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış böyük sovet oftalmoloqu Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.
Professor, mikrocərrah-oftalmoloq, Rusiya Tibb Elmləri Akademiyasının akademiki Svyatoslav Fyodorov elmi və təcrübi fəaliyyəti əlaqələndirməklə, göz xəstəliklərinin müalicəsinə bir sıra yeniliklər gətirməklə bu sahədə uğurlar qazanıb. 1994-cü ildə onu XX əsrin görkəmli oftalmoloqu elan ediblər.
Beynəlxalq Oftalmologiya Gününün təsis edilməsi ideyası isə Sankt-Peterburq şəhər Tibb Palatasının prezidenti Tamaz Mçelidzeyə məxsusdur. O, həmin gün dünya oftalmoloqlarına göz xəstələrinə təmənnasız məsləhətlər vermək, göz nurunu itirənlər və ya görmə qabiliyyəti zəif olanların müalicəsi üçün əməliyyatlar aparmaq barədə müraciət edib. Belə bir tədbirin keçirilməsi məşhur göz cərrahı S.Fyodorovun başladığı xeyriyyə işinin davam etdirilməsi və xatirəsinin yad olunması məqsədi daşıyır. Onun təşəbbüsünə Rusiya ilə yanaşı, Yunanıstan, İtaliya, Çexiya, ABŞ və digər ölkələrdə də tərəfdar çıxıblar.
Görmə elə duyğu orqanıdır ki, onun itməsi insan üçün əsl faciədir. Görmə qabiliyyətinin pisləşməsi insanın sosial imkanlarını əhəmiyyətli dərəcədə azaldır, ona fiziki və psixoloji problemlər yaradır. Oftalmoloqlar məhz bu vacib məsələlərinin həlli ilə məşğul olurlar.
Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə, səmərəli müalicə və profilaktika aparmağa imkan verir. Mütəxəssislər görmə problemlərinin profilaktikasını daha vacib hesab edirlər.
Həkim və mütəxəssislər zərərli vərdişlərdən uzaq olmağı, gözləri Günəşin ultrabənövşəyi şüalarından qorumaq üçün keyfiyyətli gün eynəklərindən istifadə etməyi, qan təzyiqinin, qanda şəkərin və xolesterinin səviyyəsini nəzarətdə saxlamağı, A vitamini, Omeqa-3 və antioksidantlarla zəngin məhsullarla qidalanmağı tövsiyə edirlər. Həkimlər xüsusilə uşaqların 3D formatında çəkilmiş filmlərə baxmağını məsləhət görmürlər.